Ölkə

“Dövlət Miqrasiya Xidmətinin işçi heyətinin peşəkar bacarıqlarının artırılmasına dəstək” adlı Tvinninq layihəsi başa çatıb

Metbuat.az

Bakı, 6 mart, Məhərrəm Əlioğlu,

AZƏRTAC

Martın 6-da Bakıda Avropa İttifaqı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə həyata keçirdiyi “Dövlət Miqrasiya Xidmətinin işçi heyətinin peşəkar bacarıqlarının artırılmasına dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib.


AZƏRTAC

xəbər verir ki, layihənin başa çatması münaibətilə təşkil olunan mərasimdə Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidmət müşaviri Pərviz Musayev bildirib ki, xidmətin təşəbbüsü ilə Avropa Komissiyasına təqdim edilmiş, ümumi dəyəri bir milyon əlli min avro məbləğində müəyyənləşdirilmiş və 2 il 3 aylıq dövrü əhatə etmiş Tvinninq layihəsi üzrə müvafiq tədbirlərin icrası 2013-cü ilin yanvar ayından başlayıb və bu günədək davam edib.


Ötən dövr ərzində Avropa İttifaqına üzv olan Niderland, Latviya və Rumıniya miqrasiya sahəsində fəaliyyət göstərən aidiyyəti qurumları ilə 4 komponent üzrə birgə 53 tədbir həyata keçirib. Buraya təlimlər, seminarlar, təlim səfərləri, rüblük rəhbər görüşləri və digər tədbirlər aiddir.


Qeyd edilib ki, layihənin hər bir komponenti üzrə bir sıra mühüm nəticələr əldə olunub. Belə ki, layihə qanunvericiliyin təkmilləşdirilməsi, sistematik təhlil yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısının alınması, təlim vasitəsilə peşəkar bacarıqların artırılması, həmçinin ictimaiyyətin maarifləndirilməsi sahəsində bir sıra yeniliklərin tətbiqinə töhfəsini verib.


Tədbirdə beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edib.