Dövlət Gömrük Komitəsinin Akademiyasında Novruz bayramı qeyd olunub
Bakı, 19 mart,
AZƏRTACDövlət Gömrük Komitəsinin Akademiyasında Novruz bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə akademiyanın tələbə və müəllim heyəti ilə yanaşı, DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov və digər rəsmi şəxslər iştirak ediblər.
Komitədən
AZƏRTAC-a bildiriblər ki, tələbələrin təşəbbüsü ilə hazırlanan bayram şənliyinin əvvəlində Novruzun yaranması, adətləri haqqında məlumat verilib. Tələbələrin çıxışları böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirin gedişində bu bayramın qorunub saxlanmasında, Novruz adətlərinin yenidən öyrənilib təbliğ edilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs olunub. Bildirilib ki, onun hər il bu bayramı xalqın arasında qeyd etməsi, sıravi insanlarla bayramlaşması Novruz bayramına verdiyi önəmin bariz nümunəsidir.
Bayram şənliyində qeyd olunub ki, milli adət-ənənələrə sadiqliyin davamçısı kimi Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində atıq Novruz bayramı sadəcə ölkə miqyasında deyil, beynəlxalq arenada da qeyd edilir. Dövlət başçısının milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliği istiqamətində apardığı yorulmaz və məqsədyönlü siyasətin nəticəsi olaraq artıq Birləşmiş Millətlər Təşkilatı 21 martı Beynəlxalq Novruz Günü elan edib.
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın milli adətlərimizin, musiqimizin və incəsənətimizin qorunması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələrin əhəmiyyəti də xüsusilə vurğulanıb.
Şahin Bağırov komitə rəhbərliyi adından Akademiyanın kollektivini Novruz bayramı münasibəti ilə təbrik edib. Tələbələrin təşəbbüsünü alqışlayan sədr müavini milli bayramlarımızın təntənə ilə qeyd edilməsinin gənc nəslin milli vətənpərvərlik ruhunda yetişməsindən xəbər verdiyini diqqətə çatdırıb.
Tədbir Novruz tonqalı ətrafındakı “Yallı” rəqsi ilə başa çatıb.