“Dəyirmi masa”da ixtisasartırma təhsili ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb
Bakı, 13 mart,
AZƏRTACAzərbaycan Müəllimlər İnstitutunun (AMİ) əlavə təhsil fakültəsində “İxtisasartırma təhsili – təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm amil kimi” mövzusunda “dəyirmi masa” keçirilib.
AMİ-dən
AZƏRTAC-a bildirilib ki, tədbirdə institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətindən danışıb.
İnstitutun əlavə təhsil fakültəsinin dekanı, dosent Əsabəli Quliyev “İxtisasartırma təhsili-təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm amil kimi” mövzusunda təqdimatla çıxış edib.
Ə.Quliyev qeyd edib ki, AMİ-də hər ay 200-250 nəfər rəhbər və digər pedaqoji kadr ixtisasartırma təhsilinə cəlb olunur. Əlavə təhsil fakültəsində məşğələlərin təşkili zamanı auditoriya məşğələləri ilə yanaşı, konfranslara, “dəyirmi masa”lara, metodik günlərə, treninqlərə, qabaqcıl təhsil müəssisələrində təcrübə mübadiləsinə geniş yer verilir. Başqa sözlə, dinləyici təhsil zamanı həm məşğələlərdə iştirak edir, həm də xalqımızın sahib olduğu mənəvi sərvətlərlə yaxından tanışlıq imkanı qazanır. İnstitutun Heydər Əliyev Mərkəzi, Azərbaycan İncəsənət və Təhsil muzeyləri, Şəhidlər xiyabanı və digər yerlərə müntəzəm olaraq dinləyicilərin məqsədli ekskursiyaları təşkil edilir.
Müzakirələrdə ixtisasartırma təhsilində olan məktəb direktorları, direktor müavinləri, təşkilatçı müavinlər, bağça müdirləri, ibtidai sinif müəllimləri və institutun əlavə təhsil qurumlarının əməkdaşları səmərəli fikir mübadiləsi aparıblar.