Çində Xalq Nümayəndələri Yığıncağının illik iclası keçirilir
Pekin, 6 mart,
AZƏRTACPekində 12-ci çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) illik sessiyaları işə başlayıb.
Ölkə üzrə 3 mindən çox nümayəndənin qatıldığı builki sessiyada bir həftə ərazində ölkə həyatının müxtəlif sahələrinə aid məsələlərlə bağlı müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq, hökumətin hesabatı dinləniləcək, milli iqtisadi və sosial inkişaf planları və digər sənədlər təsdiq ediləcək.
ÜXNY Çində dövlət hakimiyyətinin ali orqanıdır, dövlətin qanunverici funksiyalarını həyata keçirir, ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir. ÜXNY Çin Xalq Respublikasının sədrini və onun müavinlərini seçir, Dövlət Şurasının (Nazirlər Kabineti) sədrini və Şuranın digər üzvlərini təsdiq edir, Mərkəzi Hərbi Şuranın, Ali Xalq Məhkəməsinin sədrlərini və Ali Xalq Prokurorluğunun baş prokurorunu seçir.
ÜXNY-nın hər çağırışının səlahiyyət müddəti 5 ildir, onun sessiyaları ildə bir dəfə çağırılır. Sessiyalar arasında olan müddət ərzində ÜXNY-nın funksiyalarını onun Daimi Komitəsi həyata keçirir.
ÜXNY-nın sessiyası ilə paralel olaraq Ümumçin Siyasi Məşvərət Şurasının illik iclası da keçirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin