“Çək və paylaş” müsabiqəsinə start verilib
Bakı, 12 mart,
AZƏRTACAzərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycanın tanıdılması məqsədilə “English Time” Tədris Mərkəzi ilə birgə “Çək və paylaş” (“Record and Share”) adlı layihə həyata keçirir.
ATGTİ-dən
AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənclərin araşdırma aparmaq bacarığını inkişaf etdirmək, ölkəmizin mədəniyyətini, tarixini gənclər vasitəsilə dünyaya çatdırmaq, eyni zamanda, onların bu sahədə fəaliyyətini stimullaşdırmaqdır.
Layihə çərçivəsində iştirakçılar Azərbaycanın tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyəti və “Bakı-2015” birinci Avropa Oyunları mövzularından birini əhatə edən üç dəqiqəlik videoçarx hazırlamalıdırlar. Azərbaycan və ya ingilis dilində hazırlanacaq videoçarxlar aprelin 15-dək “
recordandshare@atgti.az” e-poçt ünvanına göndərilməlidir.
Müsabiqədə I, II yerlərin qalibləri müvafiq olaraq İngiltərədə və Türkiyədə ikihəftəlik ingilis dili təhsili (uçuş və qalmaq xərcləri daxil), hüququ qazanacaqlar. Üçüncü pillənin sahibi isə “English Time” Tədris Mərkəzinin Bakı filialında 9 aylıq təhsil almaq imkanına nail olacaq.