Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı rəsmi mərasim keçirilib
Çanaqqala, 18 mart,
AZƏRTAC
Çanaqqala zəfərinin 100-cü ildönümü ilə əlaqədar Çanaqqala şəhərində rəsmi mərasim keçirilib. Bu münasibətlə şəhər bayramsayağı bəzədilib, meydan və küçələrdə, binaların fasad və eyvanlarında Türkiyənin qurtuluşu uğrunda canından keçən şəhidlərin xatirəsinə ehtiram rəmzləri yaradılıb.
Mərasimdə Türkiyənin Baş naziri Əhməd Davudoğlu və digər rəsmi şəxslər, ölkə ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Türkiyə Cümhuriyyəti 1911-1922-ci illərdə canlarını fəda edən türk övladlarının qanı bahasına yaradılıb. Şəhidlərin əziz xatirəsi heç zaman unudulmayacaq, həmişə ehtiramla yad ediləcək.
Xatırladaq ki, aprelin 24-də Çanaqqalada dövlət və hökumət başçılarının iştirakı ilə qələbəyə həsr olunan təntənəli mərasim təşkil ediləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Çanaqqala