Digər

Çalışın, pulunuzu qoruyun

Metbuat.az

İndi xaricə bank vasitəsi ilə pul göndərən, yaxud xaricdən pul alan vətəndaşlar çox ehtiyatlı olmalıdırlar. Onların köçürmələri Mərkəzi Bank yanında fəaliyyət göstərən Maliyyə Monitorinqi Xidməti tərəfindən şübhəli maliyyə əməliyyatlarının sırasına düşə bilər.



Məsələ bundadır ki, Azərbaycan qanunvericiliyinə görə, 20 min manatdan artıq olan bütün növ bank əməliyyatları Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən nəzarətə götürülür. Mərkəz pulun gəldiyi və ya getdiyi ünvandan müəyyən qədər şübhələndikdə əməliyyatın gerçəkləşdirilməsi üçün müəyyən məhdudiyyətlər yaranır.



Bu cür nəzarət çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində beynəlxalq standartlar çərçivıəsində aparılır. FATF (Financial Action Task Force on Money Laundering) adlanan bu standartlar 1989-cu ildə "Böyük Yeddilik" dövlətlərinin təşəbbüsü ilə yaradılıb. Beynəlxalq standartlarda bildirilir ki, əgər maliyyə qurumu müştərini və onun iş münasibətlərini lazımi səviyyədə nəzarətə götürə bilmirsə, onun üçün hesab açmamalıdır. Avropa bankları bu standartlara riayət edərək mötəbərliyinə şübhə etdikləri müştərilərin əməliyyatlarını dayandırır.



Azərbaycan Mərkəzi Bank yanında fəaliyyət göstərən Maliyyə Monitorinqi Xidməti də artıq ikinci ildir ki, maliyyə əməliyyatlarının monitorinqini aparır və 2013-cü ildə ölkə banklarının toplam məbləği 113,9 mln. manat olan 603 şübhəli maliyyə əməliyyatı gerçəkləşdiyini bəyan edib. Mərkəzin məlumatına görə, 2014-cü ildə belə əməliyyatlara müraciət 18% artıb, yəni təxminən 700-ə yaxın bu cür əməliyyat gerçəkləşdirilib.



Nə baş verir - ölkə banklarında doğrudanmı şübhəli maliyyə əməliyyatlarına maraq artır? İqtisadçı alim Vüqar Bayramov bu fikirlə razılaşmır və əksinə, bunu ölkə üzrə şübhəli əməliyyatlara maliyyə nəzarətinin güclənməsi ilə izah edir. "Nisbətən siyasiləşmiş qrupların, ofşor şirkətlərin göndərdiyi transfertlər şübhəli kimi nəzarətə götürülür. Belə əməliyyatların gerçəkləşdirilməsinə məhdudiyyətlər qoyula bilər. Lakin şübhəli kimi nəzarətə götürülmüş pulların heç də hamısı üçün belə məhdudiyyətlər qoyulmur. Maliyyə Monitorinq Xidməti gələn transfertin mənğəyi ilə bağlı tədqiqat aparır və şübhəli olmadığı müəyyən edildikdən sonra əməliyyat gerçəkləşdirilib",- deyə iqtisadçı alim ANS PRESS-ə bildirib.



Onun sözlərinə görə, Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətə başlaması çirkli pulların yuyulması və ya terrorizmin maliyyələşməsi ilə mübarizə baxımından Azərbaycanın vəziyyətini xeyli yaxşılaşdırıb: "Son illərdə şübhəli əməliyyatlar kimi qruplaşdırılan əməliyyatların artması sadəcə Maliyyə Monitorinqi Mərkəzinin fəaliyyətinin gücləndirilməsi ilə bağlıdır. 2014-cü ilin yazından başlayaraq bütün transferlərin daha ciddi monitorinqinə başlanılıb. Burada əsas məqsəd çirkli pulların qarşısının alınmasıdır. Bu da öz müsbət nəticəsini verir. Son il yarımda Azərbaycanın adı çirkli pulların yuyulması ildə bağlı heç bir beynəlxalq hesabatda hallanmır. Əvvəllər isə konkret olanraq bank adları çəkilirdi və Azərbaycan bu sahədə "mərkəzlərdən" biri sayılırdı".



Bu öz yerində. Amma Rusiya və Belarus kimi ölkələrin təcrübəsi göstərir ki, bank əməliyyatlarının bu cür ciddi nəzarətə götürülməsindən günahsız yerə əziyyət çəkənlər də olacaq. Məsələn, kiçik ticarətə yeni başlamış və ölkədən kənara mal çıxarmaq istəyən iş adamlarının əməliyyatları istər-istəməz nəzarətə götürülür. Onlar ticarət əməliyyatlarının təmiz olmasını sübut etmək üçün çox sənədlər təqdim etməli ola bilərlər. Yaxud Rusiyaya mal göndərən fermerlər pullarını almaq üçün çox get-gələ düşə bilərlər. Bu məsələ bank işçilərinin qeyri-peşəkar davranışları da problemlər yarada bilər.



Bu məsələ ilə bağlı məlumatların xalqdan gizli saxlanması, geniş mətbuata çıxarılmaması, informasiya agentliklərində belə qapalı şəkildə yayılması vəziyyəti xeyli çətinləşdirər və sui-istifadələrə səbəb ola bilər. Halbuki, Rusiya və Belarusda bu məsələ ilə bağlı ciddi təbliğat işləri aparılır, bank əməliyyatlarına qoyulan əsas tələblər geniş dərc etdirilir. Azərbaycanda da məsələ əhaliyə ciddi şəkildə izah edilməlidir. Əks halda bank köçürmələrində problemlərlə qarşılan xırda ticarətçilər və fermerləri bank sisteminə olan etibarı azalacaq və onlar yenidən qeyri-rəsmi köçürmələrə üz tutacaqlar.



Mənbə
ANS PRESS