Burcanadze prezident olmaq istəyir
Parlamentin keçmiş spikeri növbədənkənar seçkilər istəyir
Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadze növbəti prezident seçkiləri zamanı namizədliyini irəli sürəcəyini istisna etməyib. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə o, “İmedi” radiostansiyasının birbaşa efirində bəyanat verib.
Burcanadze qeyd edib ki, onun prezidentliyə namizəd olub-olmaması ilə bağlı məsələni Gürcüstan xalqı və ictimaiyyəti həll etməlidir. Eks-spiker növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müxalifətin tələbini də dəstəkləyib: “Şəxsən mən hesab edirəm ki, növbədənkənar parlament seçkiləri 2009-cu ilin yazında keçirilməlidir. Bundan sonra isə xalqın əhval-ruhiyyəsi növbədənkənar prezident seçkilərinin lazım olub-olmadığını göstərməlidir”.
Nino Burcanadzenen 44 yaşı var. O, 2001-2008-ci illərdə parlamentin sədri olub (iki dəfə bu posta seçilib). 2008-ci ilin mayında isə parlament seçkilərində iştirak etməkdən imtina edib. Oktyabr ayında müxalifət partiyasının yaradıldığını elan edib. Partiyanın təsis qurultayı noyabrın 23-də keçiriləcək.