Digər

Bu parazitləri yemləməyimiz bəs deyilmi?

Metbuat.az
"Onlar əvvəlcə səni görməməyə çalışır, sonra səni ələ salaraq gülür, sonra səndən qorxaraq mübarizəyə başlayırlar - sonda sən qalib gəlirsən" (Mahatma Qandi)
"Dövlət büdcəsinin gəlir hissəsinin tam əksəriyyətini neft və qaz satışlarından əldə edilən gəlirlərin təşkil etdiyi ölkələri çox ağır günlər gözləyir. Məsələn, belə ölkələr arasında yer alan Azərbaycanla Rusiyanın vəziyyəti yaxşı olmayacaq. Çünki indiyədək dünyada ən böyük neft alıcısı olan ABŞ hazırda ən böyük neft hasilatçısına çevrilməkdədir. Üstəlik, Birləşmiş Ştatlar təbii qaz hasilatı və satışlarında da dünya lideri mövqeyini tutmaqdadır".


 
Bu, son günlər Azərbaycanda da yayılmağa başlayan, mənbəyi ABŞ mediası və bu mediadan xəbərləri "filan sayt xarici KİV-ə istinadən bildirir ki" təqdimatı ilə yayan yerli jurnalistlərimizin yazdıqları, paylaşdıqları və bizlərə nəyisə sübut etməyə çalışdıqları məqamlardır.
Yəni?
 
ABŞ neft və qa hasilatını artırır, dünya bazarlarında "qara qızıl"ın qiymətləri bir daha artmayacaq, Azərbaycanı qara günlər gözləyir və sair, və ilaxır.
Bir sözlə, bizə məsləhət görürlər ki, kəfənə bürünək və qəbiristanlığa doğru ahəstəcə sürünək.
Yazılanlar doğrudurmu?
Faktlar və rəqəmlər bunun tam tərsini göstərir.
 
Sadəcə, son həftə ərzində ABŞ ərazisində 75 buruqda və ya bütün buruqların 5,9 faizində hasilat dayandırılıb. Bağlanmış buruqlardan 64-ü neft, 12-si isə qaz buruqlarıdır.
İki həftə əvvəllə müqayisədə geriləmə sürətlənib. Ümumiyyətlə, hazırda ABŞ-da istsmar olunan buruqların sayı 1192 və ya 2009-cu ilin sentyabr ayındakı maksimal səviyyə ilə müqayisədə 61,7 faizdir.
 
Birləşmiş Ştatlarda yalnız 922 neft buruğu qalıb ki, bu da 2011-ci ilin aprelindəki səviyyəyə yuvarlanmadır.
Son bir ildə ABŞ-da 600 buruq bağlanıb. Onların 521-i neft, 77-i isə qaz buruqlarıdır.


 
ABŞ mediası və rəsmi təbliğat vasitələri aylardan bəri sübut etməyə çalışırlar ki, ucuz xam neft ucuz benzin deməkdir və nəticədə, ölkədə istehlak sürəti artıb, ümumdaxili məhsulun həcmi yüksəlib və ümumiyyətlə, Birləşmiş Ştatların iqtisadiyyatı indi az qala fantastik sürətlə inkişaf edir.
Vaşinqton 2008-ci ilin yayında neft qiymətlərinin qlobal miqyasda kəskin ucuzlaşmasından sonra baş verənləri inadla unutdurmağa çalışır.
Halbuki, Birləşmiş Ştatlarda iqtisadiyyat inkişaf etmir, əhalinin alıcılıq qabiliyyəti artmayıb və benzin də ucuzlaşmayıb.
Hər şey tam tərsinədir.
 
Məsələn, sadəcə, Kaliforniya ştatında benzinin qiymətləri fevral ayında 25 faiz bahalaşıb.
Rəsmi qurumlar bunun səbəbi kimi neft emalı zavodlarında etiraz tətillərini, çoxsaylı qəzaları, yanğınları və partlayışları göstərirlər.
Fəqət, bütün bunlar əvvəllər də vardı. Yanacaqdoldurma stansiyalarının sahibləri indiyədək qiymətlərin belə sürətlə bahalaşdığını görmədiklərini deyirlər.
ABŞ-ın Federal Ehtiyat Sisteminin sabiq rəhbəri Alan Qrinspen də ölkə iqtisadiyyatının ağır durumda olduğunu etiraf edib.
 
O, CNBC telekanalına verdiyi müsahibəsində bildirib ki, FES-in indiki rəhbəri Canet Yelendən fərqli olaraq ölkədə əmək bazarındakı ağır problemlərin az sonra inflyasiya və bahalaşmanın kəskin sürətlənməsinə səbəb olacağını düşünür.


 
"Maliyyə bazarlarında artaq təzyiq və inflyasiya ilə düşündüyümüzdən də tez bir zamanda qarşılaşacağıq", - Qrinspen bildirib.
Uzunmüddətli kapital qoyuluşlarının sayının azalmasının da bir müddət sonra iqtisadiyyatdakı problemlərin nizamlanma prosesini çətinləşdirəcəyini vurğulayan A.Qrinspenin fikrincə, əsas kapital təxminləndiyindən aşağı sürətlə artır və bu da istehsal həcmlərinin inkişafının qarşısını alır.
 
Qrinspen rəsmi Vaşinqtonun təbliğat maşınının yalanlarını belə faş edib: "Onların dediklərinə inanmayın. Bizim indi ən ciddi başağrımız uzunmüddətli kapital qoyuluşlarının olmamsıdır. Kimsə uzunmüddətli layihələrə və işə pul yatırmaq istəmir. Çünki kimsə az sonra ABŞ iqtisadiyyatında nələr baş verəcəyini bilmir. Yaxın gələcəkdə maliyyə sektorunda iflaslar seriyası başlayacaq. İndiki böhranlar 100 ildə bir dəfə olur və iqtisadiyyata hədsiz dərəcədə ağır zərbələr vurur. Gerçəklik odur ki, olmayan inkişafdan danışmaq əvəzinə geriləməyə və böhrana belə sevinməliyik.



Çünki olduqca məşəqqətli dövrdür. ABŞ-da böhran yalnız daşınmaz əmlak bazarında qiymətlərin stabilləşməsinin başa çatmasından sonra başlaya bilər. Bununla belə, etiraf etməliyəm: ABŞ dünya miqyasında ən böyük üstünlüyü olan dolların hegemoniyasını itirə bilər. Dollar ucuzlaşacaq və dünyanın əsas sabit dönər valyutası statusunu itirəcək".
 
Və ən nəhayət, ilin əvvəlindən bəri ABŞ-da sənaye istehsalının ümumi həcmi 0,2 faiz azalıb. Beləliklə, ölkədə 2008-ci ildəki "superböhran"dan bəri ən uzunmüddətli, fəsadlı iqtisadi geriləmə müşahidə olunur.
Geriləmənin lideriləri yekun istehlak məhsullarıdır ki, bu da Birləşmiş Ştatlarda istehlak bumu olduğu barədə mifləri və yalanları alt-üst edir.
İstənilən halda sadalananları nəzərə alaraq ABŞ iqtisadiyyatındakı durumun bundan sonra necə olacağı və situasiyanın da Azərbaycana təsiri ilə bağlı proqnozlar vermək asan deyil: ən azı vəziyyətin fundamental və spekulyativ formada dəyişmə sürəti həddən ziyadədir. Üstəlik, maliyyə bazarları da təbii ki, yerlərində saymırlar.


 
Amma bəzi dəqiq məqamlar var.
Dünya bazarlarında xam neftin qiymətlərinə amerikalıların faktiki nəzarət etmələri elə həmin amerikalılardan savayı kimsəyə sərf etmir. Ərəblərlə ruslara neft qiymətlərinin bundan sonra da ucuzlaşacağı təqdirdə büdcəyə yenidən baxmamaq üçün stabil qiymət gərəkdir. Çinlilərlə yaponlara idxal etdikləri "qara qızıl" üçün daha çox pul ödəməmək üçün stabil qiymət lazımdır.
 
Azərbaycan təki ölkələr neftin ucuzlaşması şəraitində yeni neft yataqlarının kəşfiyyatına və hasilata investisiyaları azaltmaq istəmir.
Vaşinqtondakı parazitlərə dollar vergisini ödəmək yetər.
Xam neftin bundan sonra dünyanın bir neçə birjasında bərabərhüquqlu, stabil şəkildə satılması gərəkdir.


 
Özü də ABŞ dollarına yox, yerli valyutalara.
 
Lakin xam nefti rubl, riyal, yena, yuan və ya avroya satmaq cəhdləri də təhlükəlidir. Liviya lideri Müəmmar Qəzzafi öz neft birjasını açmaq istədiyinə görə devrildi, amansızlıqla qətlə yetirildi, ölkəsi isə viran qaldı. İran 2008-ci ildə sahil limanlarından birində neft birjası açdı - Vaşinqton Tehrana qarşı iqtisadi və siyasi sanksiyaları daha da artırdı.
 
1990-cı illərdə britaniyalılar dünya neft bazarında ABŞ-ın inhisarına son qoymaq üçün Londonda "Brent" markalı neftin satışına başladılar, təminat məntəqələri qismində isə Rotterdamı və Avropada daha iki şəhəri seçdilər. ABŞ bunu təhqir saydı, birjaya "GreenPeace"dən avantürist "ekoloq"ları yolladı. Əslində, əksəriyyəti sabiq reqbiçilər olan londonlu treyderlər də qorxaq deyildilər və geri çəkilmədilər.
Ekoloqları vurub binadan çıxardılar, döydülər və küçəyə atdılar.


 
Amerikalıların hücumunun qarşısı alındı.
Qəzəblənmiş ABŞ başqa taktikanı seçdi və bir sıra hazırlıq əməliyyatlarından sonra 2005-ci ildə London birjasını səhmdar avropalı banklarının sıxışdırılıb çıxarılması vasitəsilə səhm alışı vasitəsilə ələ keçirdilər. London birjası adını dəyişərək "İCE Futures" oldu və "Brent" markası da tamamən ABŞ-ın nəzarətinə keçdi.
 
Bir sözlə, siyasətçilər demişkən, "don`t fuck with America".
 
Amerikalı quldurların həyasızlığından bezmiş Səudiyyə Ərəbistanı isə son puluna bir neçə yumurta alıb buz bağlamış yolla yataqxanaya gedən tələbə təki çox ehtiyatla, aramla hərəkət edir.
Formal olaraq Səudiyyə Ərəbistanını neftini satmaq üçün Birləşmiş Ərəb Əmirlikərinin Dubay şəhərində birja açıb və orada neftini satır. Yəni səudilər İran və Liviya kimi “çox böyük günah, haram əməl” işləyiblər. Ancaq onlar çox asta, tələsmədən, saatda az qala 1 çay qaşığı sürətlə davranırlar. Amerikalılar donquldansalar da, hələlik dözürlər.
 
Yaponlar da belə davranırlar. Onlar öz birjalarını açaraq orada neft satırlar.


 
Az sonra Çin də hərəkətə gələcək. Şanxay birjasında idxal neftinin fyuçersləri ilə alver başlanacaq. Özü də neft dollarla yox, yuanla alınıb-satılacaq.
Dünya neft bazarının iri oyunçuları addım-addım, kütlədən ayrılmayaraq, bir-birlərinin arxasında gizlənərək amerikalıların inhisarlarını dağıtmağa başlayıblar.
2011-ci ilin ortalarında ərəblər çox maraqlı taktikaya əl atdılar. Onlar müqavilələri ABŞ-ın WTI markalı neftinə "bağlayaraq", amma diskontla satmağa başladılar. İlk əvvəl belə praktika topdan satıcıların adi iş sistemindən fərqlənmirdi: daimi və iri alıcılar WTI markasına uyğunlaşdırılmış güzəştli endirim alırdılar. Amerikalılar heç nə hiss etmədilər.
 
Ötən ilsə ərəblər qəflətən düyməyə basdılar və çox ciddi endirim tətbiq etdilər. Təxminən 1 barel üçün 1 dollar. Özü də diskont, sadəcə, Asiyadan olan alıcılar üçün keçərli idi. Formal olaraq ABŞ-ın tələbləri pozulmamışdı: neft yenə də dollarla, özü də WTI markalı neftin qiymətinə bağlı satılırdı.
Əslində isə belə taktika transmilli neft korporsiyalarının Asiyadan sıxışdırılıb çıxarılmasına səbəb oldu. Axı Çin və ya Hindistandakı alıcıların nefti BP-dən 80 dollara almağa nə marağı ola bilərdi ki, elə həmin nefti ərəblər 79 dollara satırdı?!


 
Asiyada rıçaqları itirdiklərinə görə transmilli korporasiyalar, yəni ABŞ şirkətləri doğma vətənlərinə, Birləşmiş Ştatların bazarına üz tutdular.
ABŞ və Kanadada şist nefti çıxaran şirkətlərin problemləri də elə o zaman başlandı. Əsasən, idxala hesablanmış ABŞ boru kəməri sistemi böyük həcmdə idxal neftinin nəqlinə imkan vermir.
 
Şist nefti çıxaran şirkətlərin də bu "qara qızıl"ı ABŞ daxilində satmaqdan başqa çıxış yolları olmadığından Birləşmiş Ştatlar və Kanadada çıxarılan neft elə bu ərazilərdə qalır.
 
Şist neftinin istehsalçıları yerli bazar uğrunda transmilli korporasiyalarla amansız mübarizə aparırlar. Dünya bazarlarında xam neftin ucuzlaşdığını nəzərə alsaq, onların böyük şirkətlərlə rəqabətə gücləri yoxdur.
 
Nəticədə isə ABŞ-ın neft sənayesində böhran yaşanır.
Özü də çox ağır böhran.
 
Elçin Alıoğlu
Milli.Az