Ölkə

Bu kəndin sakinləri üçün böyük bayram hədiyyəsi (VİDEO)

Metbuat.az

Novruz bayramı günündə rayon mərkəzindən 2 kilometr aralıda yerləşən qədim Pirəbədil kəndinə təbii qaz verildi.



ANS TV-nin məlumatına görə, Şabranın qədim yaşayış məntəqələrindən olan Pirəbədil kəndində həmişə yanacaq sarıdan korluq çəkən sakinlərin bu ilki Novruz bayramında sevinci yerə-göyə sığmır. Gecə-gündüz soba yandıran, od qiymətinə odun tapan sakinlər artıq mavi yanacaqdan istifadə edəcəklərinə görə ikiqat bayram edir.



Sakin Səadət Axundova: “Əlbəttə ki, qaz olmamasından çox əziyyət çəkirdik. Hər gün səhər odun qala və.s. Qaz olsa yaxşı olar”.



Kənd sakini Adil Səlimov: “Meşələrimizin qırılmasını görəndə, vallah ürəyim ağrayır. Bu qazın verilməsi ilə meşələrin qırılmasının qarşısı alınacaq. Əlbəttə, bu bizim üçün böyük bayram hədiyyəsidir“.



Kəndə qaz verilməsilə meşələrin qırılmasının qarşısının alınacağı açılışda edilən çıxışlarda da əsas məsələ oldu.



Şabran icra hakimiyyətinin başçısı Novruz Novruzov da bu barədə açıqlama verdi: “Təbii ki, qaz olmayanda insanlar nə iləsə qızınacaqlar. Ocaq nə iləsə yanmalıdır, çörək bişməlidir. Bu kəndə qaz verilməsilə meşələrin canı qurtardı”.



Bölgənin bütün rayonlarında qazlaşdırma prosesinin aparıldığını bildirən Xaçmaz regional qaz idarəsinin rəisi 2015-ci ildə şimal rayonları üzrə ən azı 44 kəndin mavi yanacaqla tam təmin ediləcəyini bildirdi.



Pirəbədil kənd sakinlərinin bugünkü sevincindən qazı olmayan digər kəndlilərə də arzulayırıq.



Mənbə
ANS TV: Aytəkin Alxaslı