Dünya

Bir ton nağd pulun sahibi, istefada olan general öldü

Metbuat.az

Bakı, 16 mart,

AZƏRTAC

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi siyasi bürosunun keçmiş üzvü və Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının keçmiş sədr müavini Syuy Çayxou martın 15-də vəfat edib.


AZƏRTAC

Vesti.ru saytına istinadla xəbər verir ki, istefada olan generalın ölümü hərbi prokurorluğun artıq bir ildir ona qarşı şəxsi məqsədləri naminə vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi apardığı vaxt baş verib.


Ötən ilin iyununda 71 yaşı tamam olan Syuy xərçəng xəstəliyindən əziyyət çəkirdi. Çin qanunvericiliyinə əsasən, hərbi prokurorluq bundan sonra ona qarşı məhkəmə işini dayandıracaq.


Qeyd edək ki, 2014-cü il oktyabrın 27-də hərbi prokurorluq işi məhkəməyə göndərmiş və istintaq Syuy Çayxounun ayrı-ayrı şəxsləri karyerada irəli çəkmək üçün vəzifəsindən sui-istifadə etdiyini aşkara çıxarmışdı. Bu məqsədlə onun şəxsən və ailə üzvləri vasitəsi ilə külli miqdarda rüşvət aldığı məlum olub.


Yerli KİV-lərin yazdıqlarına görə, axtarış zamanı Syuy Çayxounun evində çəkisi bir tondan çox olan nağd ABŞ dolları, avro və yuan aşkarlanıb. Müstəntiqlər sahəsi 2 min kvadratmetr olan nəhəng zirzəmidə, həmçinin bir neçə yüz kiloqram əla növ nefrit və nadir antik kolleksiya da tapıblar. Müsadirə olunmuş böyük miqdarda vəsaiti daşımaq üçün 10-dan çox hərbi yük avtomobili lazım gəlib.