Bərdə RİH başçısının I müavini: "Ev şəraitinin yaxşılaşdırılması tələbi ilə çıxış edənlərin müraciətləri dinlənilib"
[ 30 Mart 2015 16:45 ]
Bərdə. Teymur Zahidoğlu - APA. "Bu gün Bərdədə ev şəraitinin yaxşılaşdırılması tələbi ilə çıxış edənlərin müraciətləri dinlənilib. Onların da bir qrupunun iştirakı ilə məsələ Rayon İcra Hakimiyyətinin rəhbərliyi səviyyəsində araşdırılacaq və nəticələri barədə əlavə məlumat veriləcək".
Bunu APA-ya açıqlamasında Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Məmmədov deyib.
Bərdə Rayon Polis Şöbəsinin rəis müavini Natiq Hüseynov isə deyib ki, bu gün bir qrup şəxs mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müvafiq qurumların rəhbərləri ilə görüşmək istəyiblər: "Bu tədbir zamanı hər hansı insident və ya asayişin pozulması faktı qeydə alınmayıb".
Qeyd edək ki, bu gün Bərdədə məskunlaşan bir qrup məcburi köçkün yaşayış şəraitlərinin yaxşılaşdırılması tələbi ilə çıxış edib. Onlar Bərdə rayon İcra Hakimiyyətinə dəvət edilərək, dinləniliblər və sakinlərin də iştirakı ilə müvafiq araşdırma qrupu yaradılıb.