Mədəniyyət

Bənzərsiz səsə və əvəzsiz ifaçılıq bacarığına malik xanəndə

Metbuat.az

Bakı, 31 mart,

AZƏRTAC

Azərbaycan muğam ifaçılığı sənətində elə xanəndələr olub ki, illərin sınağından keçən bu qədir-qaim mirası unudulmağa qoymayıb, əksinə ona yaradıcı yanaşaraq, yeniliklər gətirərək gənc nəslə öyrədib, bildiklərini şərəflə təbliğ edib.


Belə sənətkarlardan biri də bu gün anadan olmasının 154-cü ili tamam olan Cabbar Qaryağdıoğludur.


AZƏRTAC

xəbər verir ki, Cabbar Qaryağdıoğlu XIX əsrin ikinci yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardandır. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına sərf edib. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnın işlənərək gələcək nəsillərə təqdim ötürülməsinə sərf edən xanəndə bütün zamanların ən görkəmli ifaçısı kimi tarixə düşüb.


Azərbaycanın xalq artisti Cabbar Qaryağdıoğlunun görkəmli xanəndə, bəstəkar, musiqi xadimi kimi yetişməsində doğulub boya-başa çatdığı Şuşa mühiti böyük rol oynayıb.


Şərqin vokal sənəti tarixində, geniş xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir. Onu milli xalq musiqimizin canlı tarixi, ensiklopediyası da adlandırırlar.


Xanəndənin ifa etdiyi "Heyratı", "Ovşarı", "Şahnaz", "Qatar", muğamları musiqi xəzinəmizin ən qiymətli inciləridir.


Azərbaycanın musiqi tarixində əvəzsiz xidmətləri olan Cabbar Qaryağdıoğlunun adı bu gün də böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirləri gənc xanəndələrə öyrədilir. Ölməz sənətkar Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından olub.


Görkəmli muğam ustasının xanəndəliklə yanaşı şairliyi də olub, sözlər də yazıb, bəstəkar kimi mahnılar da qoşub.


Cabbar Qaryağdıoğlu 1944-cü il aprelin 20-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.