Bayramda qan su yerinə axdı
Bayram günləri ölkə ərazisində 92 yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, mart ayının 20-dən 29-a qədər ölkə ərazisində 92 yol qəzası baş verib. Nəticədə 22 nəfər ölüb, 135 nəfər xəsarət alıb.
“Qəzalardan 36-sı paytaxt ərazisində qeydə alınıb. Bakıda baş verən qəzaların nəticəsində 11 nəfər ölüb, 59 nəfər xəsarət alıb”, - deyə Kamran Əliyev bildirib.
Hər il olduğu kimi bu dəfə də bayram günlərində təcili tibbi yardıma müraciət edənlərin sayında artım müşahidə olunub. Çağırışların əsas hissəsini mədə-bağırsaq sistemində yaranan problemlər təşkil edib. Bayram günlərində əlavə həkim briqadalarının yaradılması isə bütün çağırışların vaxtında təmin edilməsinə şərait yaradıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkim müavini Oqtay Şahmalıyevin ANS PRESS-ə verdiyi məlumata görə, əgər adi günlərdə təcili yardıma 1800-1900 müraciət daxil olurdusa, bayram günlərində müraciətlərin sayı artaraq 2200-dən çox olub.
“Bayram günlərində poliklinikalar işləmədiyi üçün əsas yük təcili tibbi yardımın üzərinə düşür. Biz həmişə gücləndirilmiş iş rejimində çalışıb. Təcili yardıma müraciət edənlərin 9-10%-i xəstəxanalara yerləşdirilib”, – deyə Baş həkimin müavini Oqtay Şahmalıyev bildirib.
MənbəANS PRESS