Baş konsul: İran-Azərbaycan münasibətləri tarixi köklərə malikdir
Tehran, 11 mart,
AZƏRTAC
Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulu Əli Əlizadənin “Dəniznews.ir” saytında müsahibəsi dərc olunub.
Baş konsul müsahibəsində deyib ki, İran-Azərbaycan münasibətləri tarixi köklərə malikdir. Hər iki dövlətin prezidentləri xalqların milli maraqlarından çıxış edərək siyasi iradə nümayiş etdirib və qarşılıqlı əlaqələrin genişləndirilməsini qərara alıblar. Son vaxtlar rəsmi şəxslərin qarşılıqlı səfərləri intensivləşib. Bu səfərlər zamanı siyasi, iqtisadi, sosial, mədəni əlaqələrin inkişafı müzakirə olunur və konkret qərarlar qəbul edilir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ə. Əlizadə bildirib ki, Ermənistan təcavüzkar dövlətdir və Azərbaycan ərazisinin 20 faizini işğal edib. Erməni quldurları Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirərək günahsız insanları işgəncələrlə öldürüblər. Azərbaycan münaqişənin beynəlxalq hüquq normalarına uyğun şəkildə həll olunmasına çalışır. Bu gün Ermənistan tənəzzüllə üz-üzədir, əgər Azərbaycan torpaqlarını geri qaytarmasa onun iqtisadi vəziyyəti daha da ağırlaşacaq.
Azərbaycan və İran xalqlarının eyni milli və dini adət-ənənələrə malik olduğunu nəzərə çatdıran baş konsul qarşıdan gələn Novruz bayramı münasibətilə İran xalqını təbrik edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran