Barak Obama: Netanyahunun vədləri Yaxın Şərq nizamlanmasını mürəkkəbləşdirir
Bakı, 22 mart,
AZƏRTACBinyamin Netanyahunun müstəqil Fələstin dövlətinin yaradılmasına yol verilməyəcəyinə dair seçkiqabağı vədi Yaxın Şərq nizamlanmasını mürəkkəbləşdirir.
Regionda ənənəvi olaraq İsrailin müttəfiqi kimi çıxış edən ABŞ prezidenti Barak Obama Huffington Post internet-nəşrinə müsahibəsində belə deyib.
Netanyahunun başçılıq etdiyi “Likud” partiyası martın 17-də İsraildə keçirilən növbədənkənar parlament seçkilərində qalib gəldikdən bir neçə gün sonra Baş nazir öz sözlərini geri götürdü. Bununla belə, Ağ ev bəyan etdi ki, İsrailə münasibətdə öz siyasətinə yenidən baxır. ”Biz onun bu vədlərini ciddi qəbul etdik ki, əgər yenidən Baş nazir olsa, müstəqil Fələstin dövlətinin yaradılması baş tutmayacaq. Buna görə də regionda xaosun baş qaldırmasının qarşısını almaq üçün daha hansı variantların olduğu barədə düşünmək zərurəti yaranıb” –deyə B.Obama qeyd edib.
AZƏRTAC
Vesti.ru saytına istinadla xəbər verir ki, ABŞ hazırda da müstəqil Fələstin dövlətinin yaradılmasını və yəhudilərlə dinc yanaşı yaşamasını İsrail-Fələstin münaqişəsinin nizamlanmasının ən yaxşı vasitəsi hesab edir. Obama martın 19-da Netanyahu ilə telefon söhbətində bu məsələni qaldırdığı barədə jurnalistləri məlumatlandırıb.