Balakəndə məktəblilərin III spartakiadasına start verilib
Balakən, 5 mart,
AZƏRTACBədən Tərbiyəsi və İdman Günü münasibətilə martın 5-də Balakən rayonunda məktəblilərinin III spartakiadası başlanıb. Yarışlar Balakən Olimpiya İdman Kompleksində, həmçinin Qabaqçöl qəsəbəsindəki güləş zalı, şahmat məktəbi və digər idman obyektlərində keçirilir. 8 idman növü üzrə yarışda 500-dən çox məktəbli iştirak edir.
Rayon gənclər və idman idarəsindən
AZƏRTAC-a bildiriblər ki, spartakiadanın ilk günündə voleybol, gimnastika, şahmat və yunan-Roma güləşi üzrə yarışlara başlanılıb. Martın 6-da isə futbol, boks, sərbəst güləş və stolüstü tennis yarışlarının startı veriləcək. Spartakiada martın 12-dək davam edəcək.
Bir gün əvvəl isə Balakən şəhərindəki Gənclər Evində rayonun veteran idman mütəxəssisləri ilə görüş keçirilib. Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov veteranları əlamətdar bayram münasibətilə təbrik edib, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.
Sonda veteran idmançılara hədiyyələr təqdim olunub.