Ölkə

Bakıda “Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” mövzusunda beynəlxalq simpozium işə başlayıb

Metbuat.az

Bakı, 16 mart, Elvira Məmmədova,

AZƏRTAC

Martın 16-da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında bu alı təhsil müəssisəsi ilə ABŞ-ın Harvard Universitetinin birgə təşkil etdiyi “Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” mövzusunda beynəlxalq simpozium işə başlayıb.


AZƏRTAC

xəbər verir ki, Azərbaycan ilə yanaşı, ABŞ, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan alim və mütəxəssislərin iştirak etdikləri simpoziumun açılışında ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, müasir dünyada psixi sağlamlıq və onun qorunması ciddi əhəmiyyət kəsb edir. ATU bu sahədə bir çox dünya universitetləri ilə elmi və praktiki əməkdaşlıq edir. İki gün davam edəcək simpoziumda inkişaf xəstəlikləri ilə yanaşı, digər psixi və nevroloji pozuntular, inkişaf xəstəliklərinin genetik aspektləri, müdaxilə və müalicə metodları ilə əlaqədar təqdimatlar olacaq, fikir mübadiləsi aparılacaq.


Sonra mütəxəssislərin “Azərbaycanda psixiatriya: müasir yanaşma”, “Psixi pozğunluqlar və qeyri yoluxucu xəstəliklər”, “Həyat boyu müşahidə olunan diqqət çatışmazlığı və hiperaktivlik sindromu”, “Həyat boyu müşahidə olunan psixotik pozğunluqlar”, “Həyat boyu müşahidə olunan epilepsiya tutmaları” və digər mövzularda məruzələr dinlənilib.