Bakıda bayram günü halı pisləşənlərin sayı artıb
Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı artıb.
Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, ötən 2 gün ərzində müraciətlərin sayında təxmini 5 faiz artım olub.
“Həmişə olduğu kimi ötən bayram günlərində də təcili yardım həkimləri gücləndirilmiş iş rejimində işləyiblər. Xəstəxanalar, poliklinikalar işləmədiyi üçün bir az narahatlığı olanlar da təcili yardım həkiminə müraciət edirlər”, - deyə Oqtay Şahmalıyev bildirib.
Həkimin sözlərinə görə, 8 mart günü stansiyaya 2006 müraciət edib. Dünən isə müraciətlərin sayı 2 minə çatıb.
“Əsas müraciətlər ürək, qan-damar xəstəliklərindən əziyyət çəkənlərdən olub. O cümlədən təzyiqli insanlar üçün çağırışlar edilib. Şükürlər olsun ki, qida zəhərlənməsilə bağlı elə də ciddi, təhlükəli vəziyyət olmayıb. Bu baxımdan çağırışlar adi günlərdəki sayda olub”, - deyə Oqtay Şahmalıyev qeyd edib.
MənbəANS PRESS