Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası
Piyada hadisə yerində ölüb
Dünən saat 18 radələrində Bakı-Qazax avtomagistralında ağır yol qəzası baş verib. Tovuz rayon Aşağı Ayıblı kənd sakini, 1946-cı il təvəlldülü Arif Yusif oğlu Məmmədov idarə etdyi “OPEL” markalı avtomobillə Şəmkir rayon Düyərli kənd sakini İbrahim Cəlilovu vurub. Nəticədə müxtəlif xəsarətlər alan İ.Cəlilov hadisə yerində ölüb.
Bu barədə Lent.az-a Şəmkir rayon Polis şöbəsinin müstəntiqi Pakizə Quliyeva məlumat verib. Onun sözlərinə görə, piyada İ.Cəlilov avtomobil yolunu keçmək istəyərkən yolun sağ hissəsində avtomobilin qarşısına çıxıb və nəticədə sürətlə hərəkət edən avtomobil onu vurub.
Quliyeva əlavə edib ki, faktla bağlı Şəmkir rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, araşdırmalar aparılır.