Digər
Bakı Balkanlarda möhkəmlənə bilər
Sloveniya Parlament Milli Şurasının sədri Mitya Bervarın Azərbaycana səfəri yeni başlanmış prosesin maraqlı mərhələsi sayıla bilər.
Dünya bazarlarında enerjidaşıyıcılarının qiymətlərinin kəskin azalması, ABŞ dolları ilə avro arasındakı valyuta mübarizəsinin daha da gərginləşməsi, Avropa Birliyi üzvü olan ölkələr arasında iqtisadiyyatında kollapsa yaxın vəziyyətin yaşanmağa başladığı dövlətlərin sayının artması Qərbin üzləşdiyi obyektiv gerçəklikdir.
Həmin gerçəkliyin bir hissəsi də Şərqi Avropa və Balkan ölkələrindəki ağır durumdur.
Son illərdə kredit reytinqi həddən artıq aşağı düşən, sosial layihələrə ayırdığı büdcə vəsaitini sürəkli azaltmaq məcburiyyəti ilə qarşılaşan, iqtisadiyyatın xarici sərmayə axınının azalması və ümumiyyətlə, kapital qoyuluşlarında geriləmələrlə qarşılaşan Sloveniya çıxış yollarını dayanıqlı iqtisadiyyatlara malik ölkələr hesab etdiyi dövlətlərlə ikitərəfli əlaqələrin genişləşdirilməsində görür.
Sloveniyada milli inkişaf strategiyasının olmaması, cəmiyyətdə demokratik proseslərin və hüquqi islahatların lazımi səviyyədə aparılmaması ölkədə korrupsiya hallarının yaranmasına da əlverişli şərait yaradıb. Təsadüfi deyil ki, Avropa Komissiyasının 2014-cü il Korrupsiya hesabatında əhalinin 91 faizi ölkədə korrupsiya hallarının olduğunu təsdiqləyib. Avropa Şurasının Anti-Korrupsiya Qrupunun müxtəlif hesabatlarında Sloveniyada korrupsiyanın aradan qaldırılması istiqamətində indiyə kimi heç bir ciddi irəliləyişin əldə olunmaması qeyd olunur. Son illər ölkədə yüksək rütbəli rəsmi şəxslər səviyyəsində korrupsiya hallarının qeydə alınması faktları dünyada böyük səs-küyə səbəb olub. Beynəlxalq ekspertlər korrupsiya hallarının Sloveniyada, demək olar, bütün sahələri əhatə etdiyini vaxtaşırı olaraq diqqətə çatdırıblar. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı-2013-2014” nəşrinə görə, Sloveniyada korrupsiya biznes fəaliyyəti ilə məşğul olmaq üçün ən ciddi problemlərdən biri sayılıb (Trend).
Rəsmi Lyublyana Avropa Birliyinin komissiyalarından və strukturlarından bundan sonra da kreditlərin əvvəlki güzəştli şərtlərlə alınmasının mümkünsüz olduğunu anladığından, iqtisadiyyatındakı böhrandan qurtulmaq üçün aktiv şəkildə sərmayədarlar aramağa başlayıb.
Sloveniya Parlament Milli Şurasının sədri Mitya Bervar da Bakıya səfərində məhz Lyublyananın investisiyalarda və qarşılıqlı ticari əlaqələrin inkişafında maraqlı olduğunu vurğulamaqla Azərbaycanı sərfəli şərtlərlə tərəfdaşlığa dəvət edib.
Bundan başqa, Milli.Az-ın əldə etdiyi məlumatlara görə, Azərbaycanın təbii qazını Avropa Birliyi ölkələrinə çıxaracaq "Cənub Qaz Dəhlizi" layihəsində maraqlı olan Sloveniya "mavi yanacağımız"ın potensial alıcıları arasında olmaqla yanaşı, bu rolunu daha da artırmaq, mövqelərini gücləndirmək fikrindədir.
Serbiya, Monteneqro və Xorvatiya ilə müqayisədə daha zəif iqtisadiyyata malik Sloveniya təbii qaz təminatı müstəvisində Rusiyadan total asılılıqdan qurtulmaq üçün alternativ yollar arayır.
Lyublyananın nəzərdən keçirdiyi variantlar arasında ARDNŞ-in Yunanıstandakı aktivliyinin Sloveniyada da təkrarlanmasının məqbul sayılması var.
Yəni slovenlər qazpaylama şəbəkələrini Azərbaycanın kontroluna vermək, bunun müqabilində Bakının Avropa Birliyi ölkələrinə satacağı təbii qazın qiymətindən daha ucuz tariflərlə "mavi yanacaq" əldə etmək istəyirlər.
ARDNŞ-in Yunanıstanla yanaşı, Albaniyada da milli qazpaylama şəbəkələrinin kontrolu, onların rekonstruksiyası və modernləşdirilməsi ilə bağlı apardığı danışıqları "paxıllıq"la izləyən Lyublyana mövqelərini rəqabətədavamlı etmək üçün Bakıya yerli sənaye obyektlərinin infrastruktur dəyişiklikləri prosesinə qatılmağı da təklif edib.
Yəni Sloveniya Azərbaycanın kapitalına ehtiyac duyduğunu vurğulayıb və Bakıdakı danışıqlar da ticari-iqtisadi, habelə maliyyə-bankinq sahələrində tərəfdaşlığın perspektivlərinə həsr olunmuşdu.
Müzakirələrdə Sloveniyanın siyasi və strateji məsələlərdə Bakının mövqelərinə yanaşması da təhlil olunub.
Məlum ki, Sloveniya Dağlıq Qarabağın erməni işğalına məruz qalmasını qətiyyətlə pisləyən və Azərbaycanın ərazi bütövlüyü ilə suverenliyini şəksiz, şərtsiz dəstəkləyən ölkədir.
Ümumdaxili məhsulunun həcmi 52,34 milyard dollar təşkil edən və əmək qabiliyyətinə malik vətəndaşları arasında 9 faiz səviyyəsində işsizliyin olduğu Sloveniya Azərbaycan üçün çox maraqlı, perspektivli tərəfdaş ola bilər. Sloven iqtisadiyyatının ixraca meylli olduğunu, ölkə ərazisindəki sənaye müəssisələri arasında "Revoz" və "Unior" avtomobil zavodlarının da olduğunu, habelə fəaliyyət göstərən 30 kommersiya bankı arasında aşkar autsayderlərin yer almadıqlarını bilsək, Lyublyana ilə əməkdaşlıq Bakının Şərqi Avropa ilə yanaşı, Balkan yarımadasındakı mövqelərini daha da möhkəmləndirə bilər.
Elçin Alıoğlu
Milli.Az