Digər

Bakı Ali Neft Məktəbində 8 Mart - Beynəlxalq Qadınlar günü qeyd olunub

Metbuat.az

[ 06 Mart 2015 16:28 ]



Bakı - APA. Bakı Ali Neft Məktəbində (BANM) 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilib.

Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə BANM-nin rektoru Elmar Qasımov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, BANM-in professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-də çalışan xanım əməkdaşların timsalında bütün Azərbaycan xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edərək, hər birinə bahar əhval-ruhiyyəsi, xoşbəxt və firavan həyat, ailə səadəti, bütün işlərində uğurlar arzulayıb.

Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial və mədəni həyatındakı önəmli rolundan bəhs rektor Şərqdə ilk dəfə Azərbaycan qadınlarının səsvermə hüququ əldə etdiyini qeyd edib. O, həmçinin Azərbaycan qadınlarının cəmiyyətimizin tam hüquqlu üzvləri olması, ölkənin hər sahəsində fəal iştirak etməsi,  istər ailədə, istər cəmiyyətdə, istərsə də dövlət həyatında rollarının artırılması, onlara düzgün dəyər verilməsi və hüquqlarının qorunması istiqamətində aparılan dövlət siyasətinin öz bəhrəsini verdiyini deyib. E.Qasımov BANM kollektivinin xanım üzvlərini, o cümlədən tələbə qızları bir daha təbrik edərək,  onlara dəyərli hədiyyələr təqdim edib. Bununla yanaşı, ARDNŞ-ın Təlim, tədris və sertifikatlaşdırma idarəsinin “Liderlik” maarifləndirmə kursunu müvəffəqiyyətlə bitirmiş BANM-in qadın əməkdaşlarına sertifikatlar təqdim olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə yüksək mövqe tutduğunu, onlara kişilərlə bərabər hüquqlar və imkanlar verildiyini, eyni zamanda Azərbaycan qadınlarının mötəbər qurumlarda təmsil olunduğunu qeyd edib.

Sonda tələbələr xanımlara həsr olunmuş musiqili kompozisiyanı nümayiş etdiriblər.