Bakı 2015-in məşəlinin yandırılacağı tarix bilindi
İlk Avropa Oyunlarının məşəlinin yandırılacağı tarix açıqlanıb. Türkiyədə keçirilən karate üzrə Avropa çempionatında iştirak edən Azərbaycan karateçiləri ilə görüşdə gənclər və idman naziri Azad Rəhimov məşəlin aprelin 26-da yandırılacağını deyib.
Nazir A.Rəhimov qeyd edib ki, məşəl yandırıldıqdan sonra onun Azərbaycanın bütün regionlarına, şəhərlərinə məşhur insanlar, idmançılar ilə birgə səfəri başlayacaq. Oyunların keçirilməsinə bir gün qalmış məşəl Bakıya gətiriləcək.
Bakı 2015 Avropa Oyunları, 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunları olacaq.
Bakı 2015 Avropa Oyunlarında 16 Olimpiya idman növü və dörd qeyri-Olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növü olacaq. 17 yarış günü ərzində Avropanın hər yerindən 6000-dən çox idmançı öz xalqlarını təmsil edəcəklər.
MənbəANS PRESS