Dünya

Azərbaycanlılar Rusiyaya görə hazır olsunlar! (VİDEO)

Metbuat.az

Okeanın o tayından Rusiyaya sərt bir şillə gəlib. Birləşmiş Ştatlar prezidenti Barak Obama Vladimir Putinin Ukrayna siyasətinə görə onun ölkəsinə qarşı sanksiyaları da bir il uzadıb. Hələ üstəlik Avropalı liderləri də ona dəstək olmağa çağırıb.



ANS TV-nin Moskva bürosunun məlumatına görə, Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzatdı. ABŞ prezidenti Barak Obama həmçinin Avropa Birliyi liderlərini də Rusiyanın Ukrayna siyasətini dəyişmədiyi müddətdə sanksiyalara qoşulmağa çağırdı. Hələ ki, Avropa Şurası Birləşmiş Ştatların Rusiyaya qarşı addımını dəstəkləsə də, Slovakiya, Cənubi Kipr, Yunanıstan və Macarıstan kimi ölkələr Moskva ilə iqtisadi əlaqələrin məhdudlaşdırılmasına müsbət yanaşmırlar. Birləşmiş Ştatların sanksiyalarının Rusiyaya bir o qədər təsirinin olacağını güman etməyən iqtisadcılar hesab edir ki, əsas təhlükə Avropa Birliyinin verəcəyi qərar ola bilər.



“Amerika ilə Rusiya arasındakı ticarət həcmi 2013 və 2014-cü illərdə 30 milyard dolları keçmirdi. Ona görə bu sanksiyların Rusiyada mənfi təsiri olsa da, bu çox da böyük deyil. Əsas məsələ Avropa Birliyinin bütün üzvləri bu qərarı dəstəkləməyəcəklər. AB ilə münasibətlər bizi daha çox narahat edir. Çünki 2013 və 2014-cü illərdə AB ilə 417 milyard dollara yaxın ticarət həcmimiz olub ki, bu da ABŞ-la müqayisədə 15 dəfə çoxdur”, – deyə iqtisadçı Aleksey Qusev bildirib.



Moskva sakinləri isə istənilən sanksiyanın onların gündəlik həyatlarına qədər təsir etdiyini düşünürlər. Amma əksəriyyət Rusiyanın öz gücüylə buna müqavimət göstərə biləcəyi qənaətindədir.



Moskva sakini Konstantin Buqanov: "Bizim təbii sərvətlərimiz və maliyyə imkanlarımız kifayət qədərdir. Bundan başqa Avrasiya İttifaqı qurmaq istədiyimiz ölkələrlə yaxşı münasibətlərimiz var. Eləcə də Çinlə münasibətlərimiz inkişaf edir”.



Moskva sakini Nadejda Kostin: "Qiymətlər bahalaşır, maaşlar isə əvvəlki səviyyədədir. Ancaq inanıram ki, hər şey yaxşı olmalıdır. Çünki Rusiya böyük və güclü ölkədir və bunun öhdəsindən gəlməlidir”.



Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç heç bir sanksiyanın Rusiyanın prinsipial mövqeyini dəyişməyəcəyini bəyan edib. Belə ki, Ukraynada münaqişənin sülh yolu ilə həllinin əlamətləri görünür. Vaşinqton dərhal vəziyyəti gərginləşdirməyə başlayır. İndi də atəşkəs rejiminin reallaşdığı bir vaxtda, Obama administrasiyası yenidən Rusiyanı hədələməyə başlayıb.



Ukrayna siyasətindən geri addım atmamaqda qərarlı olan Moskva Qərbin sanksiyalarına anti-sansksiya tədbirləriylə qarşılıq verməyə davam edir. Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya ötən ilin martından tətbiq olunan sanksiyalar nəticəsində ölkəyə dəyən ziyan rəsmi rəqəmlərə görə 150 milyarddan artıqdır.



Böyük ehtimal avropalılar da elə Amerikanın dediyilə razılaşacaqlar. Azərbaycanlılar diqqətli olsunlar. Kənd təsərüffatı məhsullarının yetişdirilməsinə önəm verin. Çünki Rusiya bazarlarında sizin məhsulunuza daha bir il alternativsiz ehtiyac olacaq.



Mənbə
ANS TV: Aqşin Sabiroğlu