Ölkə

Azərbaycanlı gənclər Rusiyada “Sərhədsiz dostluq” festivalında iştirak ediblər

Metbuat.az


Moskva, 19 mart,

AZƏRTAC

Rusiya Dövlət Turizm və Servis Universitetində “Sərhədsiz dostluq” adlı beynəlxalq festival keçirilib.


Festivalda ölkəmizi Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGB) və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi birgə təmsil edib.


Festival zamanı hər bir ölkə öz milli-mədəni irsini müxtəlif formalarda, stendlərdə təqdim edib. Bir neçə ölkənin içərisində ən böyük stend məhz Azərbaycana aid olub.


Stendə milli-mədəni nümunələrimiz, milli mətbəximizin çeşidləri ilə yanaşı, “Bakı-2015” ilk Avropa Oyunlarının təbliği ilə bağlı əyani vəsaitlər də nümayiş olunub.


Festivalı Rusiya Dövlət Turizm və Servis Universitetin rektoru Aleksandr Fedulin açaraq stendlərlə yaxından tanış olub. ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili stend və RAGB haqqında rektora məlumat verib. A.Fedulinə Novruz xonçası və Azərbaycan mədəniyyətini təbliğ edən hədiyyələr təqdim olunub.


Rektor Azərbaycanın sürətli inkişafından, uğurlu daxili və xarici siyasətindən kifayət qədər məlumatlı olduğunu söyləyib, xalqımıza, Prezident İlham Əliyevə xüsusi rəğbət bəslədiyini vurğulayıb.


ASGA-nın Rusiya nümayəndəliyinin icraçı direktoru Xəzər Qarayev, RAGB fəalları Vasif Həşimov, Asif Məhərrəmov və Tahirə Məhərrəmova festival iştirakçılarına Azərbaycan haqqında məlumat veriblər.


Sonda Azərbaycan təmsilçiləri universitetin rəhbərliyi tərəfindən diplomla təltif ediliblər.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva