Azərbaycanın və Pakistanın tibb universitetləri arasında əməkdaşlığa dair saziş imzalanıb
Bakı, 13 mart,
AZƏRTACPakistan Prezidenti Məmnun Hüseyni müşayiət edən nümayəndə heyətinin tərkibində Bakıya gəlmiş, Pakistanın Şəhid Zülfüqar Əli Bhutto adına Tibb Universitetinin prorektoru, Pakistan Tibb Elmləri İnstitutu Klinikasının müdiri, professor Cavid Əkrəm Azərbaycan Tibb Universitetində (ATU) olub.
ATU-dan
AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov uzun illər boyu Azərbaycan və Pakistan xalqlarının sülh, əməkdaşlıq və dostluq şəraitində yaşadıqlarını qeyd edib. Bu gün ölkələrimiz müstəqil dövlət kimi hər sahədə, o cümlədən tibb və təhsil sahəsində əməkdaşlıq edirlər. Rektor qeyd edib ki, bu səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər də iki qardaş ölkə arasında əlaqələrin gündən-günə genişləndiyini sübut edir. Biz Pakistan dövlətini özümüzə qardaş ölkə hesab edirik. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir.
Akademik Ə.Əmiraslanov qeyd edib ki, Pakistanın əczaçılıq sahəsində xüsusi uğurları var. Gələcəkdə əlaqələri dərinləşdirsək, hər iki ölkə səhiyyə sahəsindəki uğurlardan bəhrələnə bilər.
Rektor rəhbərlik etdiyi ali məktəb barədə qonağa məlumat verib.
Bildirilib ki, ATU Azərbaycanda tibb və əczaçılıq təhsili verən yeganə müəssisədir. Burada 160-dan çox professor çalışır. 1930-cu ildən müstəqil universitet kimi fəaliyyət göstərən Tibb Universitetinin hazırda 8.000-dək tələbə və rezidenti var. Universitetdə təhsil alan 1.000-dən çox xarici tələbə arasında Pakistandan olan gənclər də var. Gələcəkdə bu tələbələrin sayı artsa, buna yalnız sevinə bilərik. Rektor ATU-nun nəzdindəki klinikalar barədə məlumat verərək qeyd edib ki, bu klinikalar əhaliyə yüksək ixtisaslı tibbi xidmət göstərməklə yanaşı, həm də tədris müəssisəsi kimi fəaliyyətdədir.
Sonra professor C.Əkrəm ölkələrimiz arasında digər sahələrlə yanaşı, tibb və səhiyyə sahəsində də əlaqələrin çox yüksək səviyyədə olduğundan məmnunluğunu bildirib. Prorektor Tibb Universitetinin bir il əvvəl yaradıldığını və bu ali təhsil müəssisəsinin rektorunun Pakistanın Prezidenti olduğunu vurğulayıb. Qeyd edilib ki, universitetin nəzdində tibb kolleci, Tibb Elmləri Klinikası fəaliyyət göstərir.
C.Əkrəm ATU-nun mütəxəssisləri ilə birlikdə müştərək təşkilat yaratmaq, həm müalicə, həm də akademik tibb sahəsində qarşılıqlı əlaqələr qurmaq, azərbaycanlı alimlərin məqalələrinin Pakistanın elmi jurnallarında dərcini təşkil etmək arzusunda olduqlarını bildirib.
Sonra Azərbaycan Tibb Universiteti ilə Pakistanın Şəhid Zülfüqar Əli Bhutto adına Tibb Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb.
Saziş universitetlər arasında əməkdaşlığın bütün istiqamətlərini əhatə edir və tibb təhsili sahəsində münasibətlərin inkişafını, iki ali təhsil müəssisəsi arasında birgə rezident və mütəxəssis mübadiləsinin təşkilini nəzərdə tutur.
Görüşdən sonra pakistanlı qonaqlar ATU-nun klinikalarında yaradılan şəraitlə tanış olublar.