Azərbaycanın milli dövlətçilik tarixində ulu öndər Heydər Əliyevin müstəsna yeri var
Naxçıvan, 3 mart,
AZƏRTACAzərbaycanın milli dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin müstəsna yeri var. Xalqımız müstəqillik arzusuna Azərbaycanın milli ideologiyasının banisi olan Ulu Öndərin müdrik siyasəti, dönməz əqidəsi və uzaqgörənliyi sayəsində qovuşub.
AZƏRTAC
xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universitetinin tələbələrinin iştirakı ilə “Azərbaycan tarixinin Heydər Əliyev erası” mövzusunda keçirilən açıq dərsdə səsləndirilib.
Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Kəngərli ulu öndər Heydər Əliyevin hüquqi, demokratik və dünyəvi dövlət qurulması istiqamətində həyata keçirdiyi islahatlardan ətraflı söz açıb. O, Azərbaycan tarixində Heydər Əliyev erası kimi səciyyələndirilən bu inkişaf yolunun ayrı-ayrı mərhələləri haqqında dərs iştirakçılarına məlumat verib.
Sonra NDU-nun tələbələri Heydər Əliyev Muzeyindəki eksponatlarla tanış olublar.
Qeyd edilib ki, muzeyin fondunda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi 16 il ərzində muzeyin 238 mindən çox ziyarətçisi olub.