Digər

Azərbaycanın haqlı mövqeyi Avropada qəbul olunur

Metbuat.az
Elxan Şahinoğlu: “ABŞ, Rusiya, Fransa, Almaniya kimi nəhəng dövlətlərin Ermənistana bilavasitə təsir və təzyiqləri olmasa, Dağlıq Qarabağ probleminin həlli qeyri-mümkündür”

ATƏT-in Minsk qrupunun həmsədrləri dünən Belarusun paytaxtında yenidən bir araya gələrək, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı toplantı keçiriblər. Görüşdən öncə amerikalı həmsədr Ceyms Uorlik öz “Twitter” mikrobloqunda bu barədə fikirlərini bölüşərək, toplantıya qatılmağından məmnunluğunu ifadə edib.



APA-ya müsahibəsində isə o, bildirib ki, həmsədrlər uyğun bir vaxtda xarici işlər nazirlərini bir araya gətirməyi planlaşdırır. Həmsədrlərlə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sıx əlaqələrinin mövcudluğuna diqqət çəkən C.Uorlik həmkarlarının hər zaman dialoqu faydalı hesab etdiyini vurğulayıb. Nazirlərin gələcəkdə görüşüb-görüşməmək barədə qərarlarının isə bilavasitə onların özlərindən asılı olduğunu xatırladıb. Deyib ki, həmsədrlər əsas məsələlərdə tərəflər arasında fikir ayrılıqlarının azaldılması və prezidentlərin növbəti görüşü üçün gündəliyin hazırlanması istiqamətində xarici işlər nazirləri ilə iş aparır. Həmsədrlərin Minsk toplantısı, Ermənistan silahlı qüvvələrinin cəbhədə yeni təxribatlar törətməsi, Qərbin Dağlıq Qarabağ münaqişəsinə fərqli baxışı və digər məsələlərlə bağlı “

Kaspi

”nin suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Elxan Şahinoğlu

cavablandırır.



- Elxan bəy, həmsədrlərin Minsk toplantısından sonra Dağlıq Qarabağ probleminin həlli məqsədilə xarici işlər nazirləri və prezidentlər səviyyəsində yeni görüşlərin keçirilməsi nə dərəcədə realdır?

- Həmsədrlərin bölgəyə son səfərinin mövzusu bu idi ki, yaxın aylarda prezidentləri yenidən bir araya gətirsinlər. Hələ o zaman haqlı suallar ortaya çıxırdı. Yəni yeni görüş üçün zəmin varmı, dövlət başçıları nəyi müzakirə edəcəklər, yeni ideya varmı və sair. Belə məlum oldu ki, Minsk Qrupu həmsədrlərinin yeni ideyası yoxdur. Əgər yeni ideya yoxdursa, prezidentlərin təkrar görüşməsinə nə ehtiyac var? Əksinə, nəticəsiz görüşlər vəziyyətə bir qədər də mənfi təsir edə bilər. Tərəflər görüşür, nəticə olmur, cəbhə xəttində gərginlik yenidən artmağa başlayır. Ona görə də yeni ideya və təkliflər olmadan prezidentlərin görüşməsinin faydası yoxdur. Bununla yanaşı, yeni təkliflərin olması da azdır. Əgər hansısa yeni ideyaya tərəflər “hə” deməyə hazırdısa, o zaman prezidentlər səviyyəsində görüşün bir faydası ola bilər. Buna qədər isə həmsədrlər, xarici işlər nazirləri səviyyəsində çox işlər görülməlidir. Bu səbəbdən, 20 ildir nəticəsiz danışıqları izləyən birisi kimi mənə çox çətindir demək ki, həmsədrlərin Minsk görüşündə ciddi nəticə əldə olunacaq. İnanmıram ki, bu toplantıda yeni nə isə ortaya qoyulsun, müzakirə edilsin. Bu günə qədər nə razılaşdırılmalı idisə, onların hamısı müzakirə olunub, razılaşdırılıb. Bundan sonra problemin həlli barədə xüsusi detalların tapılması da çətindir. Həmsədrlərin bu görüşü nəticəsiz olacaqsa, prezidentlərin görüşünə də ehtiyac qalmır. Ancaq düşünürəm ki, həmsədrlərin fəallığına, dialoqun getməsinə hər zaman ehtiyac var. Eyni zamanda düşünürəm ki, Dağlıq Qarabağ probleminin həlli üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövcudluğu ilə yanaşı, Azərbaycan, Ermənistan, Rusiya, Fransa, Almaniya və sair ölkə prezidentləri səviyyəsində yeni format da yaradılmalıdır. Bununla prosesi “ölü nöqtə”dən tərpətmək olar.



- Hər dəfə prezidentlər səviyyəsində görüşlər keçiriləndən və tərəflər öz üzərinə müəyyən öhdəlik götürəndən dərhal sonra cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin təxribat törətməsini, vəziyyəti daha da gərginləşdirməsini müşahidə etmişik. Həmsədrlərin Minsk görüşü ərəfəsində də belə bir hadisənin şahidi olduq. Martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib, atışma nəticəsində bir əsgərimiz şəhid olub. Rəsmi İrəvan bu cür davranışı ilə nə demək istəyir?

- Bu vəziyyətin özü də onu göstərir ki, prezidentlərin yaxın aylarda görüşünə ehtiyac yoxdur. Göründüyü kimi, hətta nəticəsi olan görüşlərdən sonra da Ermənistan öz üzərinə düşən öhdəliyi yerinə yetirmir, atəşkəsi pozur, təxribatlar törədir. Ötən ilin avqust ayında atəşkəsin intensiv pozulmasından narahat olan Vladimir Putin Rusiyada Azərbaycan və Ermənistan prezidentlərinin də iştirakı ilə üçtərəfli görüş keçirdi. Rəsmi Kreml istəyirdi ki, tərəflər arasında atəşkəs yenidən bərpa olunsun. Bu görüşdən cəmi bir həftə sonra Ermənistan ordusu cəbhə xəttində yenidən təxribatlar törətdi. Həmin il Fransa prezidenti Fransua Ollandın təşkilatçılığı ilə Parisdə prezidentlər səviyyəsində daha bir üçtərəfli görüş keçirildi, tərəflər arasında müsbət atmosfer yarandığı bildirildi. Amma həmin görüşün ardınca Ermənistan 30-40 min nəfərlik şəxsi heyətlə işğal altındakı Azərbaycan ərazilərində hərbi təlimlərə başladı. Bu azmış kimi, ermənilərin iki hərbi helikopteri mövqelərimizə hücuma keçdi və buna cavab olaraq onlardan biri məhv edildi. Normal şəkildə keçirilən bütün görüşlərdən sonra Ermənistan bu cür təxribatlara əl atıb. Ona görə də bizim təminatımız yoxdur ki, prezidentlərin yaxın aylarda keçirilən görüşündə də hər hansı nəticə olsun. Hətta real nəticə olacaqsa, Ermənistanın yenidən təxribat törədərək pozuculuq etməyəcəyinə heç kim zəmanət verə bilməz. Nəticəli və nəticəsiz keçirilən bütün görüşlərdən sonra Ermənistan tərəfi münaqişənin həlli baxımından irəliyə doğru heç bir addım atmır. Çünki işğalçılıqla hakimiyyəti mənimsəyən Ermənistan siyasi elitası Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Ukrayna hadisələrindən sonra Avropada ərazi bütövlüyü məsələsinə böyük diqqət yetirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yanaşmada da Avropanın böyük dövlətləri ərazi bütövlüyü prinsipinin qorunmasında yekdil mövqe ortaya qoyurlar. Belə vəziyyət Azərbaycanın haqlı mövqeyinin Avropada qəbul olunması deməkdir. Bu isə Ermənistan siyasi hakimiyyətinin maraqlarına cavab vermir. Məhz bu səbəbdən Ermənistan ordusu cəbhə xəttində təxribatlar törədir. Hesab edirəm ki, əgər beynəlxalq aləmin, xüsusən də ABŞ, Rusiya, Fransa, Almaniya kimi nəhəng dövlətlərin Ermənistana bilavasitə təsir və təzyiqləri olmasa, Dağlıq Qarabağ probleminin həlli qeyri-mümkündür.



- ABŞ Dövlət Departamenti Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini, Dağlıq Qarabağın müstəqilliyinin tanınmadığını, orada keçirilən “seçkilər”in qondarma olduğunu bəyan etsə də, rəsmi Vaşinqton Ukraynada olduğu kimi, Qarabağ separatçılarına qarşı da hər hansı sanksiyalar tətbiq etmir. İşğalçılıq və separatçılıq əməli törədən şəxslər rahatlıqla ABŞ-da, Avropa ölkələrində gəzir, hətta qondarma respublika üçün ianələr də toplayırlar. Belə yanaşma nəyin göstəricisidir?

- ABŞ-ın Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı bəyanatında iki məqam diqqət çəkir. Düzdür, rəsmi Vaşinqton seçkini qondarma sayır, separatçıların yaratdığı “respublika”nın müstəqilliyini tanımadığını bəyan edir, amma eyni zamanda oradakı seçkiləri labüd sayır. Yəni, ABŞ bu “seçkilər”ə də birmənalı yanaşmır. Ukrayna separatçıları ilə Dağlıq Qarabağ separatçılarına münasibətdə də ABŞ eyni mövqedən çıxış etmir. Donbas separatçılarına vizaların verilməsi dayandırılır, bank hesabları dondurulur, onlara ən müxtəlif sanksiyalar tətbiq edilir, lakin Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri rahatlıqla Avropaya, ABŞ-a səfərə gedir, hətta Konqresdəki sərgidə iştirak edir və sair. Hətta Qarabağdakı separatçı rejimə ABŞ tərəfindən humanitar ad altında maliyyə yardımları, ianələr verilir. Təbii ki, bütün bu faktlar Qərbin, xüsusən də ABŞ-ın məlum ikili standartlarının göstəricisidir.



Milli.Az