Azərbaycanda yerli heyvan genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə respublika seminarı
Bakı, 12 mart,
AZƏRTACAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Azərbaycanda yerli heyvan genetik ehtiyatlarının (HGE) mühafizəsi və səmərəli istifadəsi üzrə respublika seminarı keçirilib. Tədbiri Kənd Təsərrüfatı Nazirliyi və GEİ birgə təşkil edib.
İnstitutdan
AZƏRTAC-a bildiriblər ki, seminarda GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov heyvan genetik ehtiyatlarının, kənd təsərrüfatı heyvanlarının yerli cinslərinin qorunub saxlanmasının mühüm əhəmiyyətindən, bu sahədə koordinasiya işinin gücləndirilməsinin vacibliyindən söz açıb.
GEİ-nin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov yerli heyvan genetik ehtiyatları barədə təqdimatla çıxış edib.
Seminar iştirakçıları HGE-nin mühafizəsi və səmərəli istifadəsi üzrə Milli Strategiyanın GEİ və Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanan layihəsini müzakirə edib, rəy və təkliflərini bildiriblər. Onlar bu cür tədbirlərin keçirilməsində GEİ-nin göstərdiyi təşəbbüskarlıqdan və yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.