Digər

Azərbaycanda Neft və Qaz Yataqlarının axtarışı və işlənilməsi üzrə Komissiya yaradılacaq

Metbuat.az

[ 11 Mart 2015 10:27 ]



Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib.

AMEA-dan APA-ya verilən xəbərə görə, iclasda büro üzvləri, Geologiya və Geofizika, Coğrafiya institutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktorları, elmi işlər üzrə direktor müavinləri və elmi katibləri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Ali Neft Məktəbindən aidiyyəti üzrə alim və professorlar iştirak ediblər.

Tədbirdə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər barədə məlumat verib. İclasda “Neft və Qaz Yataqlarının axtarışı və işlənilməsi üzrə Komissiya”nın yaradılması, AMEA-nın 70 illik yubileyi ilə əlaqədar nəşrlərin hazırlanma vəziyyəti, 2015-ci il üçün Yer elmləri sahəsində AMEA-nın akademik Musa Əliyev adına mükafat üzrə müsabiqənin elanı məsələlərinə baxılıb. İclasda həmçinin Coğrafiya İnstitutunda 2013-cü il üzrə elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunanların dissertasiya mövzuları müzakirə edilib.