Azərbaycanda narkomaniyadan əziyyət çəkən qadınların statistikası açıqlanıb
[ 10 Mart 2015 16:46 ]
Bakı. Ramiz Mikayıloğlu-APA. “Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların sayı ildən ilə artır və təəssüflə qeyd etmək lazımdır ki, onların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir”.
APA-nın məlumatına görə, bu, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənovun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası üçün hazırladığı hesabat xarakterli məqalədə əksini tapıb.
Məqalədə qeyd edilib ki, 2013-cü ildə 539 nəfər, 2014-cü ildə 554 nəfər qadın narkomaniya xəstəliyinə düçar olub. 2013-cü ildə 393 nəfər, 2014-cü ildə isə 409 nəfər qadın narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləri olub.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru bildirib ki, qadın narkomaniyasının xüsusiyyəti ondan ibarətdir ki, qadınlar bioloji və psixoloji xüsusiyyətləri sayəsində narkotiklərdən istifadəyə kişilərdə olduğundan 10-15 dəfə daha tez sürətlə qurşanırlar: "Buna görə də qadınlarda belə bir xəstəliyin aşkar edilməsinin hər bir halı ciddi həyəcana səbəb olmalıdır, çünki burada söhbət təkcə qadının özünün xəstəliyindən deyil, həm də onun uşaqlarının da həyat və sağlamlıqlarına olan təhlükədən gedir. Narkomaniya xəstəsi olan qadınlarda hamiləlik və doğuş zamanı tez-tez kəskinləşmələr yaranır (qanaxmalar, vaxtından əvvəl doğuşlar, ölü uşağın dünyaya gəlməsi), yeni doğulan körpələr arasında erkən ölüm halları da nadir hadisə deyil".
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru vurğulayıb ki, qadınların narkotiklərə aludə olmasında kişilərin rolunu ayrıca qeyd etmək lazımdır: "Bu “müəllimlər” adətən öz “tələbələrindən” yaşda böyük olurlar. Nisbətən daha az səviyyədə müstəqil olan qadınlar adətən öz “narkomaniya təcrübələrinin” əvvəlində ilk narkotiklərini kişilərdən alırlar. Qadınlarda narkotik asılılığının yaranmasına təkan verən premorbid amillər arasında dost və tanışlar arasında narkomanların olması, narkomanlarla ünsiyyət, narkotiklərin əlçatan olması, erkən siqaret çəkmə və alkoqol istifadəsinin sınaqdan çıxarılması, antisosial davranış, təhlükəyə meyllilik, cinsi həyata erkən başlama, rabitəsiz cinsi əlaqələrə meyllilik, düşmənçilik, impulsivlik, zəiflik, özünüqiymətləndirmənin aşağı olması fərqləndirilir. Belə problemləri olan qadınlar müvafiq “təhlükə qrupuna” daxildirlər, lakin ehtimalın reallığa çevrilməsi üçün digər amillərin də mövcud olması lazımdır. Qadınlarda narkotiklərdən psixi və fiziki asılılıq nisbətən daha tez formalaşır. Narkotiklərə istifadə başladıqdan sonra asılılığın formalaşmasının ortalama müddəti 2 aydır".