Azərbaycanda kütləvi qırğın (VİDEO)
Bu gün ölkədə 31 mart Azərbaycanlıların Soyqırımının 97-ci ildönümü anılır. Təxminən 100 il əvvəl, 1918-ci ilin martında bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaradıblar. Martın 31-də Bakıda azərbaycanlıların kütləvi qırğını başlayıb.
Stepan Şaumyanın başçılığı ilə dinc əhaliyə qarşı törədilən soyqırımda Bakı sovetinin 6 min, eyni zamanda “Daşnaksütyun” partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak edib. Üzərindən 97 il keçsə də, hələ də o günlər unudulmayıb. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra hadisələr öz siyasi qiymətini alıb.
Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd edilir.
31 mart qırğını üçün bəhanəni milyonçu Hacı Zeynalabdin Tağıyevin oğlunun qəfil ölümü verir. O vaxt Nargin adasından qaçırılmış bir qrup türk əsiri Lənkəranda azərbaycanlılara silahla davranış qaydalarını öyrədirdilər. Tağıyevin oğlu Məhəmməd də müsəlman diviziyasının zabiti idi və silahla ehtiyatsız davranması onun faciəli şəkildə ölümünə səbəb olmuşdu. Martın 27-də müsəlman diviziyasının bir qrup əsgər və zabiti “Evelina” gəmisində Tağıyevin cənazəsini Lənkərandan Bakıya gətirir. Dəfndən sonra martın 29-da geri qayıtmaq istəyən müsəlman diviziyasının əsgərlərini bolşeviklər tərksilah edirlər.
Elə bu da əvvəlcədən planlaşdırılan təxribat üçün əsas olur. Hələ 1918-ci ilin fevralında “Bakinski raboçi” qəzetinə müsahibə verən Stepan Şaumyanın “Azərbaycanın muxtariyyətini arzu edən müsavatçılar bir yığın xarabalıqlar əldə edəcəklər” fikri sözdən əmələ keçir.
Müsəlman diviziyası əsgərlərinin tərksilah edilməsinə qarşı çıxan paytaxt və Bakı kəndlərinin əhalisi ayağa qalxır.
Araşdırmaçı-jurnalist Nəsiman Yaqublunun sözlərinə görə, belə bir vaxtda azərbaycanlılar ermənilərin bu tələblərinə qarşı çıxaraq İsmailliyyə binasında bir araya gələrək toplantı keçirdilər: "Toplantı zamanı qeyd olunub ki, necə olur ki, ermənilər silahlı dəstə saxlayır, amma biz saxlaya bilmirik. Artıq bu məsələ pik həddə çatanda silahlı ermənilər başladılar azərbaycanlılara qarşı soyqırım törətməyə. Azərbaycanların qətliamı 29-dan 30-na gecən gecə başladı. Qətliam aprelin 1-dək davam etdi”.
Həmin günlərdə Bakıda olan ingilis jurnalisti Skotlan Liddel deyirdi ki, əgər ölünü canlı hesab etmək mümkündürsə, onda deyə bilərik ki, Bakıda canlı var. Qırğınlar bütün qəzalarda - Zəngəzurda, Şamaxıda, Ağsuda, Qubada da həyata keçirilirdi.
Tarixçi-alim Firdovsiyyə Əhmədova: “Alman tədqiqatçısı Yorq Babirovski yazır ki, əgər provaslav kilsənin qalıqları olmasa idi, Şamaxıda ümumiyyətlə yaşayış məskəninin olduğunu təsəvvür etmək olmazdı. Yəni o dərəcədə və birmənalı şəkildə Şamaxı şəhərində olan 8 min əhali məhv edildi. 110 kənddə isə 10 min 341 nəfər qətlə yetrildi”.
Nəsiman Yaqublu: “Mən 80-ci illərdə bu mövzunu araşdırarkən mart hadisəsinin yaşamış adamlarla görüşmüşdüm. Onların arasında Yazıçı Aqşin Babayevin atası Əlisəttar Babayev vardı. Əlisəttar Babayev mart hadisələrini danışanda hönkür-hönkür ağlayırdı”.
Stepan Lalayevin törətdiyi qırğınlardan, hətta ermənilərin özləri də dəhşətə gəlirdi. İsmailliyyə binasını isə sonradan 26 Bakı Komissarlarının cərgəsinə qoşulan Tatevos Əmirov şəxsən yandırmışdı.
Cəmi iki aydan sonra Azərbaycanda ilk demokratik respublika qurulur. Elə Bakını işğaldan azad etmək də milli qüvvələrlə Qafqaz İslam Ordusunun, Bakı qoçularının birgə fəaliyyəti nəticəsində baş verir.
Məhəmməd Əmin Rəsulzadənin təbirincə desək, Bakı qan, fitnə-fəsad yuvası, yox, Azərbaycanın paytaxtı olur. Və o vaxtdan bu yana dəyişməyən təkcə Bakının statusudur. Tarix də dəyişdi, siyasi formasiyalar da və zaman yenə bizi erməni fitnəsi ilə qarşılaşdırdı. Bu dəfə itirdiyimiz minlərlə şəhid və həm də 20 faiz torpaqlarımızdır.
1918-ci il Azərbaycanlıların Soyqrımı tarixi ilə bağlı bir sıra sənədlər isə Avropada, xüsusilədə Fransa arxivlərində saxlanılırmış. Bu sənədləri və foto arxivi ölkəyə tarxçi Solmaz Tohidi gətirib. Onun məlumatına görə, sənədlər Versal sülh konfransına gedən Azərbaycan nümayəndə heyəti tərəfindən Fransaya aparılıb. Əlimərdan Bəy Tobçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti o zaman ermənilərin bizim başımıza gətirdiyi qırğınları dünyada tanıtmaq üçün bu sənədləri özləri ilə Avropaya aparıbmışlar.
ANS-TV-Ləman Əliəşrəfqızı