Azərbaycana könüllü təslim olmuş erməni hərbiçinin atasını polis saxlayıb
[ 26 Mart 2015 12:26 ]
Bakı. Ağa Cəfərli-APA. Könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgəri Andranik Qriqoryanın atası Ararat Qriqoryanı polis saxlayıb.
APA-nın Ermənistanın epress.am saytına istinadən verdiyi xəbərə görə, ata Qriqoryan Martunidəki polis bölməsinə aparılıb.
Onun saxlanılm səbəbi və sonrakı taleyi barədə erməni KİV-də heç bir məlumat verilmir.
Xatırladaq ki, erməni silahlı bölmələrinin 1991-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçusu Andranik Araratoviç Qriqoryan martın 22-də saat 13:50 radələrində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçərək, könüllü olaraq ordumuza təslim olub. O, Ermənistan Ordusundakı hərc-mərclikdən, aclıqdan bezdiyini qeyd edib: " Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var".