Azərbaycan Tibb Universitetində əməkdaşların əməkhaqqı növbəti dəfə artırılıb
Bakı, 19 mart,
AZƏRTACAzərbaycan Tibb Universitetində (ATU) əməkdaşların maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq lazımi tədbirlər həyata keçirilir. Belə tədbirlər sırasında martın 19-da universitetin böyük elmi şurasında əməkdaşların əməkhaqqının artırılması barədə qəbul edilmiş qərarı xüsusi qeyd etmək lazımdır.
AZƏRTAC
xəbər verir ki, bu qərar “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanı və “Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv edilməsi barədə” Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli 244 nömrəli Qərarına əsasən verilib.
Qərara əsasən aprelin 1-dən etibarən ATU–da inzibati idarəetmədə çalışan rəhbər heyətin, fakültə dekanları və dekan müavinlərinin, kafedra müdirlərinin, professor – müəllim heyətinin, o cümlədən digər əməkdaşların aylıq məvacibi artırılıb. Bundan sonra fakültə dekanları 1450, kafedra müdirləri 1300, professorlar 1200, dosentlər 1050, baş müəllimlər 810, assistentlər və müəllimlər isə 750 manat əmək haqqı alacaqlar. Ümumilikdə əməkhaqqı artımı universitetin bütün əməkdaşlarına o, cümlədən 1200 nəfər professor-müəllim heyətinə şamil edilib. Belə ki, son əməkhaqqı artımından sonra bu ali təhsil ocağında professor - müəllim heyətinin orta aylıq əməkhaqqı 1100 manata çatıb.
Qeyd edək ki, son illər ATU-da əməkdaşların maddi rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi və elmi-pedaqoji fəaliyyətlərinin stimullaşdırması məqsədilə əmək haqlarının artırılması ənənə halını alıb. Belə ki, yalnız 2014-cü ildə böyük elmi şuranın qərarı ilə universitet əməkdaşlarının əməkhaqqı iki dəfə müxtəlif vaxtlarda artırılıb.
Həmçinin universitetdə bir qrup əməkdaşın əməkhaqqı peşəkarlıq qabiliyyətlərinə, elmi-pedaqoji fəaliyyətlərinə və bu sahədə əldə etdikləri nailiyyətlərə görə differensiasiya yolu ilə artırılıb.
ATU-da əməkdaşların əməkhaqqının artırılması haqqında olan bu qərar, Novruz bayramı ərəfəsində kollektivə ikiqat bayram sevinci bəxş edib.