Ölkə

Azərbaycan səfiri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mühazirə oxuyub

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

2015-ci il martın 11-də Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev İon Kryange adına Moldova Dövlət Pedaqoji Universitetində (MDPU) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş mühazirə oxuyub.


Tədbirdə MDPU-nun professor-müəllim və tələbə heyəti iştirak edib.


Azərbaycanın Moldova Respublikasındakı səfirliyindən

AZƏRTAC

-a bildiriblər ki, bu tədbirin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv təsəvvür yaratmaq, beynəlxalq hüququn əsas prinsipinin – dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu göstərməkdir.


Səfir öz çıxışında əsasən keçmiş sovet dövlətlərində demokratiyanın inkişafı proseslərinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və erməni təcavüzü, azərbaycanlı qaçqınların və məcburi köçkünlərin vəziyyəti problemlərinə, ərazi münaqişələrinin həllində və insan hüquqlarının müdafiəsi sahəsində göstərilən fəaliyyətdə ikili standartlar siyasətinə toxunub.


Səfir xüsusi qeyd edib ki, dünyanın aparıcı ölkələri beynəlxalq hüquqa məhəl qoymadan ərazi münaqişələrinin həllində və insan hüquqlarının müdafiəsi sahəsində ikili standartlardan istifadə edərək Qafqazda erməni siyasətçilərinin yeritdikləri etnik təmizləmə və monoetnik zonalar yaradılması siyasətinə göz yumurlar. Lakin “bumeranq qanunu” üzrə artıq onların özləri bu problemlərlə qarşılaşırlar.


N.Əliyev həmçinin bildirib ki, bu gün Azərbaycan üçün əsas məsələ 1 milyon azərbaycanlı məcburi köçkünün və Ermənistandan olan qaçqının pozulmuş hüquqlarını bərpa etmək məqsədilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll etməkdir.


Səfir çıxışını bitirdikdən sonra universitetin kitabxanasına Azərbaycan, onun mədəniyyəti, Ermənistan-Azərbaycan münaqişəsi, erməni təcavüzü haqqında kitablar, xəritələr, jurnallar, habelə “Pravo i Politologiya” jurnalının son buraxılışını hədiyyə edib.