Azərbaycan parlamentinin üzvləri NATO PA-nın seminarında iştirak edəcəklər
[ 29 Mart 2015 15:10 ]
Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisin deputatları Rauf Əliyev və Siyavuş Novruzov NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında iştirak edəcəklər.
Parlamentdən APA-ya verilən məlumata görə, onlar martın 30-dan aprelin 3-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olacaqlar.
Tədbirdə Serbiya Respublikası Parlamentinin spikeri Maja Gojkoviç, NATO PA-nın vitse-prezidenti Paolo Allı və digər rəsmi şəxslər çıxış edəcəklər.
Seminarda Serbiyanın Avroatlantika icmasında yeri, Qərbi Balkanlarda regional əməkdaşlıq, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, müdafiə idarəçiliyi sahəsində islahatlar, habelə Yaxın Şərqdə, Şimali Afrikada xarici döyüşçülərin iştirakı və digər mövzular ətrafında müzakirələr aparılacaq. Millət vəkilləri müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.