Ölkə

Azərbaycan Müəllimlər İnstitutunda “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda “dəyirmi masa”

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Martın 11-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.


AMİ-dən

AZƏRTAC

-a bildirilib ki, tədbirdə institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı dünyada baş verən münaqişələrin yaranmasında radikal dini təriqətlərdən istifadə edildiyini, belə hadisələrin bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu söyləyib. Rektor tədbirin gənclərin maarifləndirilməsi, onların milli mənəvi dəyərlərimizə bağlılığının qorunması, milli yaddaşın möhkəmlənməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.


A.Naxçıvanlı milli mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslə aşılanması, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmini üçün maarifləndirici tədbirlərin daha çox keçirilməsinin vacibliyini qeyd edib.


İnstitutun ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Telman Haqverdiyev dinin yaranma tarixi, ayrı-ayrı dövrlərdə müxtəlif maraqlar zəminində təriqətlərin yaranması və onların siyasiləşdirilməsi barədə geniş məlumat verib.


Sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.