Mədəniyyət

Azərbaycan “Milan Expo 2015” beynəlxalq sərgisində təmsil olunacaq

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 11-də Heydər Əliyev Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan Beynəlxalq “Milan Expo 2015” sərgisinin İtaliya pavilyonunun nümayəndələri ilə görüşüb.


Qeyd edək ki, Azərbaycan Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə “Milan Expo 2015” sərgisində təmsil olunacaq.


AZƏRTAC

xəbər verir ki, görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, “Milan Expo 2015” sərgisində ölkəmiz “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlı pavilyon ilə təmsil olunacaq. Ə.Qarayev qeyd edib ki, hazırlıq işləri başa çatmaqda olan Azərbaycan pavilyonu ölkənin tarixi və mədəni irsini, zəngin enerji potensialını, ekologiyasını və s. əks etdirəcək.


Nazir qonaqlara ölkəmizdə cərəyan edən mədəni proseslər, keçirilən beynəlxalq festivallar, konfranslar, forumlar, sərgilər haqqında ətraflı məlumat verib.


İtaliyanın “Milan Expo 2015” pavilyonunun nümayəndələri səmimi qəbula görə Ə.Qarayevə təşəkkür edərək vurğulayıblar ki, ölkəmiz sürətlə inkişaf edir və günbəgün dəyişir. Onlar Azərbaycan pavilyonunun sərgidə uğur qazanacağına əmin olduqlarını bildiriblər.


Xəbər verdiyimiz kimi, “Milan Expo 2015” sərgisi mayın 1-dən oktyabrın 31-dək keçiriləcək. Beynəlxalq sərgi sağlam həyat tərzini təbliğ etmək, ətraf mühitin mühafizəsinə çağırış məqsədi daşıyır.