Azərbaycan ilə Polşa arasında təhsil əlaqələri müzakirə olunub
Bakı, 18 mart,
AZƏRTACMartın 18-də Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyanın prezidenti David Tsetsuda, Varşava Universitetinin professoru Yaroslav Turlukovski, habelə polşalı tələbələrdən ibarət nümayəndə heyəti Bakı Slavyan Universitetində (BSU) olub.
BSU-dan
AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin rektoru, professor Asif Hacıyev universitetdə fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzi barədə qonaqlara məlumat verib. BSU-nun xarici universitetlər, o cümlədən Varşava Universiteti ilə əlaqələrindən söhbət açan rektor bu əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə inandığını vurğulayıb.
Görüş çərçivəsində BSU-nun polşaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə polşalı tələbələr arasında açıq dialoq qurulub, Azərbaycan və Polşa arasındakı mədəni əlaqələr, tərcümə problemləri, o cümlədən təhsil məsələləri müzakirə olunub. Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyanın yaranması barədə danışan polşalı tələbələr azərbaycanlı tələbələrlə əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər.
Sonra bakalavr təhsilini BSU-da başa vurduqdan sonra magistratura üzrə təhsilini Polşada davam etdirən, Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyanın vitse-prezidenti Cavidan Şərbətov polyak dilinə yiyələnmək təcrübəsini tələbələrlə bölüşüb.
BSU tərəfindən polyak dilində çap olunmuş Azərbaycan ədəbiyyatı nümunələri qonaqlara təqdim edilib.