“Azərbaycan Arxeoloqlar Cəmiyyəti” İctimai Birliyinin növbəti yığıncağı keçirilib
Bakı, 17 mart,
AZƏRTAC“Azərbaycan Arxeoloqlar Cəmiyyəti” İctimai Birliyinin növbəti ümumi yığıncağı keçirilib.
AZƏRTAC
xəbər verir ki, yığıncaqda İctimai Birliyin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin hesabat məruzəsi dinlənilib.
Məruzədə Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində arxeologiyada əldə edilmiş uğurlar xüsusi vurğulanıb.
F.Quliyev Azərbaycan arxeologiyasının nailiyyətlərinin dünyaya daha yaxşı tanıdılması, dünyanın qabaqcıl elmi mərkəzləri ilə işbirliyinin qurulması, ictimaiyyət arasında arxeologiyaya marağın artırılması və digər mühüm sahələrdə İctimai Birliyin fəaliyyətinin gücləndirilməsi ehtiyacının gündəmdə durduğunu söyləyib.
Sonra “Azərbaycan Arxeoloqlar Cəmiyyəti” İctimai Birliyinin nizamnaməsinə uyğun nəzarət-təftiş komissiyasının, işçi qrupların hesabatları dinlənilib, nizamnaməyə əlavə və dəyişikliklər edilib, təşkilatı məsələlərə baxılıb.
Yığıncaqda tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev yenidən İctimai Birliyin sədri seçilib.