ARGTMŞ Novruz bayramı ərəfəsində internat məzunları ilə görüşüb
Bakı, 19 mart,
AZƏRTACAzərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və onun üzvü olan “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində bir sıra internat və uşaq evlərinin məzunu olmuş gənclərlə görüş keçirilib.
ARGTMŞ-dan
AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi, internat və uşaq evlərindən məzun olan gənclərin Novruz bayramını təbrik etmək, onlara gələcək həyatlarında faydalı olacaq, uğurlu karyera qurmağa yardımçı ola biləcək məlumatlar vermək olub.
Görüşdə Quba 1 saylı xüsusi internat məktəbi, Lənkəran qarışıq tipli uşaqlar evi, Xətai rayon 3 saylı qarışıq uşaqlar evi, Sabunçu rayon 1 saylı uşaqlar evi, Mərdəkar 2 saylı internat məktəbi və Şüvəlan 1 saylı internat məktəbinin məzunlarından ibarət 60-dan çox gənc iştirak edib.
Görüş zamanı iştirakçılara “Uğurlu karyera” adlı seminar keçirilib, işgüzar həyata keçid üçün faydalı olacaq məlumatlar verilib və fikir mübadiləsi aparılıb.
Həmçinin iştirakçılara ARGTMŞ-ın fəaliyyəti, qurum tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülük Xidməti”, QHT İdarəetmə Akademiyası (QİDA) və “Yerli Gənc” kimi proqramların təqdimatı keçirilib, iştirakçılara bu proqramlarda iştirak imkanları haqqında məlumat verilib.
Görüşdə çıxış edən ARGTMŞ-ın baş katibi Seymur Hüseynov iştirakçılara uğurlu gələcəyə sahib olmaq üçün karyeranın vacibliyini vurğulayıb, gəncləri ictimai həyatda fəal olmağa çağırıb. O, eyni zamanda, ARGTMŞ-in daim onlarla əməkdaşlığa açıq olduğunu vurğulayıb.
Sonda görüş iştirakçılarına hədiyyələr təqdim edilib və seminarda fərqlənən iştirakçıların təltifolunma mərasimi təşkil edilib.