Dünya

Angelina Jolie yumurtalıqlarını və uşaqlıq borusunu çıxartdırıb

Metbuat.az
Aktrisa Angelina Jolie xərçəng xəstəliyinin önlənməsi tədbiri kimi yumurtalıqlarını və uşaqlıq borusunu cərrahiyyə yolu ilə çıxartdırıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, aktrisa “The New York Times” qəzetində yazır ki, ötən həftə əməliyyat olunub, beləki, yumurtalıq xərçənginə tutulma riski 50 faiz olan genin daşıyıcısıdır.
 
Anası xərçəng xəstəliyindən vəfat edən Jolie iki il əvvəl hər iki döşünü kəsdirmişdi.
"Belə qərarları qəbul etmək asan olmur", deyib aktrisa, "lakin vəziyyyəti nəzərə almaq və sağlamlıq problemlərini onlar qarşıya çıxmamış həll etmək mümkündür".
 
Hollivud aktyoru Brad Pittlə evli olan Jolie yumurtalığının və uşaqlıq borusunun çıxarılmasına iki həftə əvvəl keçdiyi müayinədən sonra qərar verib.
"Angelina Jolie Pitt: Cərrahiyyə gündəliyi" (Angelina Jolie Pitt: Diary of a Surgery) başlıqlı məqalədə aktrisa yazır ki, onun qan analizi iltihab göstəricilərinin yüksək olduğunu aşkar edib. Bu isə xərçəngin erkən əlamətlərindən sayılır və aktrisaya dərhal cərrahla görüşmək məsləhəti verilib.
"Təsəvvür edirəm ki, mən minlərlə qadının keçdiklərindən keçmişəm. Mən özünü sakitləşdirirdim, özümü əmin etməyə çalışırdım ki, mənin yaşayaraq uşaqlarımın böyüməsindən, nəvə görməkdən məhrum edəcək heç nə yoxdur" – yazır Jolie.

"Mən Fransaya, ərimə zəng etdim. O, bir neçə saatın içində artıq təyyarədə idi. Həyatda belə anların gözəlliyi ondadır ki, hər şey çox aydındır. Sən nə üçün yaşadığını və nə üçün yaşamağa dəydiyini bilirsən. Bu həm qərarlı, həm də çox təmkinli bir andır".
 
Sonrakı analizlər aktrisada xərçəng şişinin olmadığını göstərib, lakin o, həkimlərlə məsləhətləşdikdən sonra hər halda cərrahiyyə qərarı qəbul edib. Onun anası, nənəsi və xalası – hamısı bu xəstəlikdən vəfat ediblər.
 
"Həkimlərim dedilər ki, əslində mən önləyici cərrahiyyəni on il əvvəl, xərçəng hələ qohumlarıma hücum çəkmədiyi vaxtlarda elətdirməliyəmmiş" – yazır Jolie.
Angelina Jolie BRCA1 adlı "qüsurlu" genin daşıyıcısıdır. Bu gen döş və yumurtalıq xərçənginin əmələ gəlmə riskini kəskin artırır.
Onun həkimləri hesablamışdılar ki, əgər əməliyyat olunmazsa, aktrisanın həyatı boyunca 87 faiz döş və 50 faiz yumurtalıq xərçəngi riski var.
2013-cü ildə aktrisa xərçəngin önlənməsi üçün hər iki döşünü kəsdirib.
 
İndi isə, bundan iki il sonra, onun hər iki yumurtalığını və uşaqlıq borusunu kəsib götürüblər.
Bu önləyici addımlar onun həyatı boyunca xərçəngə tutulmaq riskini xeyli azaldıb.
 
Lakin cərrahiyyə xərçəngin yaranmayacağına tam zəmanət vermir. Risk daşıyan bütün toxumaları kəsib atmaq mümkün deyildir.
BRCA1 geninin daşıyıcısı olan kişi və qadınlar hətta özləri xərçəngə tutulmasalar da, 50 faiz hallarda bu geni oğullarına və qızlarına ötürürlər.
"Anama yumurtalıq xərçəngi diaqnozunu onun 49 yaşı olanda qoymuşdular. Mənim 39 yaşım var".
 
O, prosedur haqqında bunları yazır: "Bu mastektomiyadan (döş vəzilərinin amputasiyası) daha az mürəkkəbliyi olan cərrahiyyədir, lakin nəticələri daha ağır ola bilər. Bu əməliyyat qadını məcburi menopauzaya məruz qoyur".
 
Həm rejissor, həm də BMT-nin elçisi olan Jolie indi əvəzedici hormonları qəbul etməli olacaq.
"Qəbul etdiyimim hormon əvəzləyicilərindən asılı olmayaraq, mən indi menopauzadayam", yazır aktrisa. "Mən daha uşaq doğa bilməyəcəyəm və bir sıra fiziki dəyişikliklərə məruz qalacağam. Lakin olacaqlardan narahat deyiləm. Ona görə yox ki, güclüyəm. Ona görə ki, bu, həyatdır. Burda qorxmalı heç nə yoxdur".
 
"Ovarian Cancer Action" xeyriyyə təşkilatı Jolienin qərarını və “igidliyini” salamlayıb.
"Biz Angelina Jolie tərəfindən onun yumurtalıq xərçəngini önləyən cərrahiyyə əməliyyatından keçdiyi barədə məlumatın verilməsini alqışlayırıq və inanırıq ki, bu, daha bir “Angelina effekti” dalğası yaradacaq, - deyir xeyriyyə cəmiyyətinin baş direktor əvəzi Katherine Taylor, - Angelina 2013-cü ildə qoşa mastektomiya əməliyyatı olunduğunu elan edtdikdən sonra, genetik analizə göndərilən qadınların sayı kəskin artmışdı".
"Birləşmiş Krallıqdakı qadınların yumurtalıq xərçəngi riski hər 54 nəfərdən bir nəfərdir, lakin Angelina Jolie kimi BRAC1/2 geninin mutasiyası olan qadınlarda bu risk hər iki nəfərdən biri dərəcəsinə qalxır.
 
"Əgər qadınlar onlarda BRCA gen mutasiyalarının olduğunu bilirlərsə, onlar da Angelina Jolie kimi xərçəng hələ yaranmazdan əvvəl cərrahiyyə qərarı qəbul edə bilərlər. Onun bu xəbəri ictimaiyyətə çatdırmaq cəsarəti isə insanların həyatını xilas edəcək igidlik aktıdır".
Jolie və aktyor Brad Pittin 6 uşağı var. Bunlardan üçünü övladlığa götürüblər.
 
Oscar mükafatlı Hollivud akstrisası əlavə edib: "Bütün riskləri kəsib atmaq mümkün deyil və mən xərçəngə qarşı həssas olaraq qalıram. Odur ki, təbii yollarla immun sistemimi möhkıəmləndirməyə çalışacağam. Mən qadınam və qərarlarımda özümü və ailəmi düşünməliyəm Mən bilirəm ki, uşaqlarım heç vaxt deməyəcəklər: anamız yumurtalıq xərçəngindən ölüb".
 
Milli.Az