Amerikansayağı absurd komediya
Qondarma erməni "soyqırımı"nın 100-cü ildönümü ərəfəsində bədnam qonşularımızın Amerikada olan lobbisi yenidən fəallaşıb. Olmayan bir hadisəni illər ərzində dünyaya həqiqət kimi sırımağa çalışan ermənilər Azərbaycan və Türkiyəyə qarşı, ölkələrimizi zəif salacaq istənilən metodu əldən vermirlər. Hər vəchlə ölkərimizi dünya ictimaiyyəti qarşısında nüfuzdan salmağa çalışırlar. Bu cür əməllərində ABŞ-ın bəzi qeyri-hökumət təşkilatları isə ələkçinin qılverəni rolunu öz üzərlərinə götürüblər.
Bu günlərdə məlumat yayıldı ki, ABŞ-ın "Freedom House" təşkilatı yenidən Azərbaycanla bağlı müzakirələr keçirməyə hazırlaşır. Bu dəfə Azərbaycan hökuməti ilə yanaşı Türkiyə hökuməti də hədəfə alınıb. Təşkilatın saytında dinləmələrlə bağlı yerləşdirilən məlumatda qeyd olunur ki, iki ölkənin hakimiyyətləri bir çox yönlərdə fərqlidirlər. Ancaq hər iki dövlət modern Avropa dəyərlərinə sahib olmaqda maraqlıdırlar. Məlumatda bildirilir ki, hər iki ölkədə vətəndaş cəmiyyəti və KİV təzyiqlərə məruz qalır.
Müzakirələrdə "Freedom House"un regionlar proqramlar üzrə vitse-prezidenti Robert Herman, Demokratiyaya dəstək fondunun Yaxın Şərq və Şimali Afrika üzrə nümayəndəsi Riçard Kramer, Açıq Cəmiyyət İnstitutunun Avrasiya üzrə analitiki Ceff Goldsteyn, bloger Arzu Qeybullayeva, "Freedom House"un Avrasiya məsələləri üzrə nümayəndəsi Neyr Şenkan iştirak edəcəklər.
Əvvəlcədən də bəllidir ki, Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqe sərgiləyən erməni lobbisinin maraqlarına xidmət edən "Freedom House"da ölkəmiz haqda heç də xoş sözlər danışılmayacaq.
Heç kimə sirr deyil ki, martın 18-də "Freedom House"un binasındakı tədbirə toplaşanlar absurd komediya izləyəcəklər. Bir zamanlar ABŞ-ın Vyetnama hərbi müdaxiləsinə haqq qazandırmağa çalışan təşkilat indi də Azərbaycana "demokratiya dərsi" keçməyə cəhd edəcək.
Azərbaycanlı millət vəkili
Zahid Orucdeyir ki, "Freedom House" həm MDB məkanında, həm digər ölkələrdə, eləcə də ABŞ-ın özündə mənfi reputasiyaya malikdir. Onun sözlərinə görə, dünyada belə bir fikir var ki, bu təşkilat hələ də "soyuq müharibə" illərinin prinsipləri ilə işləyir. Bir zamanlar dünyadakı diktator rejimləri ilə mübarizdə plasdarm rolunu oynayan təşkilat ABŞ-ın Vyetnama hərbi müdaxiləsini dəstəklədikdən sonra daha da nüfuzdan düşmüşdü.
Millət vəkili deyir ki, "Freedom House"da manatın devalvasiyasından narahatlıq məntiqsizdir.
"Freedom House təşkilatının manatın məzənnəsinin düşməsindən narahat olaraq tədbirlər düzənləməsi də məsələnin başqa bir tərəfidir. Bu təşkilatın əməkdaşları məgər maaşlarını manatla alırlar? Doğrudanmı onlar dollar imperiyasının əleyhinə hər bir ölkənin milli valyutasının güclənməyini bu qədər istəyirlər? Bunun səmimiliyinə heç kimi inandırmaq mümkün deyil", - o əlavə edib.
Millət vəkili hesab edir ki, təşkilat ölkəmizdən gedən yalnız qara məlumatları toplayaraq, az qala nekroloq komitəsi kimi fəaliyyət göstərir. Bu da demokratiya, insan haqları və azadlıqlarına müsbət təsir göstərmir.
Z.Oruc hesab edir ki, "Freedom House"u bütövlükdə Amerika kimi qəbul etmək tamamilə yalnışdır.
Onun sözlərinə görə, Azərbaycan hökumətindən nəsə qoparmağa, Azərbaycanı siyasi korrupsiyaya cəlb etməyə çalışan müəyyən beynəlxalq dairələr "eməni soyqırımı"na bir ay qalmış, Bakıda Avropa Oyunlarının keçirilməsindən öncə bu kimi təşkilatlara "vur!" əmri veriblər.
Teymur Hacıyev
Milli.Az