AMEA-nın illik ümumi yığıncağı aprelin sonunda keçiriləcək
Bakı, 12 mart,
AZƏRTACMartın 12-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclasında AMEA-nın illik ümumi yığıncağının keçirilməsi məsələsi müzakirə olunub.
AZƏRTAC
xəbər verir ki, rəyasət heyətinin qərarı ilə AMEA-nın illik ümumi yığıncağının gündəliyi təsdiq olunub və tədbirin aprelin 29-da keçirilməsi qərara alınıb.
Bildirilib ki, AMEA-nın illik ümumi yığıncağında akademiyanın 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatı dinləniləcək, eləcə də, Qafqazşünaslıq İnstitutunun, Quba Regional Elm Mərkəzinin, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin yaradılması məsələləri müzakirə olunacaq. Həmçinin, AMEA-nın vitse-prezidenti və bölmələrin akademik-katibləri vəzifələrinə seçkilər keçiriləcək.
Yığıncaqda AMEA-nın institut, elmi müəssisə və digər təşkilatlarının fəaliyyətini əks etdirən eksponatlardan ibarət sərginin təşkili də nəzərdə tutulub.
Tədbirdə, həmçinin ilk dəfə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları təqdim ediləcək.