Ölkə

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclasında bir sıra məsələlər müzakirə edilib

Metbuat.az

Bakı, 10 mart,

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirilib.


AMEA-dan

AZƏRTAC

-a bildiriblər ki, əvvəlcə iclasda bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə məlumat verib.


Sonra Fiziologiya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Rafiq Qasımovun “Azərbaycanda akvakultura sahəsinin inkişafının əsas istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Son illər dünyada su hövzələrində bioresursların, o cümlədən balıq ehtiyatlarının kəskin azaldığını, hətta bəzi növlərin yox olmasının müşahidə edildiyini söyləyən R.Qasımov qeyd edib ki, bunun əsas səbəbləri dəniz və okean suları və onlara tökülən çaylarda antropogen təsirin artması, bioresursların ovunun düzgün təşkil edilməməsi, qəbul edilən konvensiyalara əməl olunmaması, o cümlədən balıqların çoxalması və nəslin inkişafı üçün şəraitin olmamasıdır.


R.Qasımov Azərbaycanda akvakulturanın inkişafı üçün müasir tələblərə cavab verən biotexnoloji sənaye kompleksinin yaradılmasını təklif edərək, onu elmi əsaslarla şərh edib.


Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.


AMEA-nın müxbir üzvləri Tofiq Məmmədov, Validə Əlizadə, Novruz Quliyev, İlham Ələkbərov və başqaları çıxış edərək məruzənin həm elmi nöqteyi-nəzərdən, həm də ərzaq təhlükəsizliyi baxımından vacibliyini qeyd edib, təklif və tövsiyələrini səsləndiriblər.


Tədbirdə Fiziologiya İnstitutunun elmi şurasının yeni tərkibi, “Azərbaycanda yayılan fitoplazmaların genetik müxtəlifliyi” əlyazmasının AMEA-nın 2015-ci il üzrə nəşriyyat tematik planına daxil edilməsi ilə bağlı müzakirələr aparılıb.


İclasda, həmçinin BTEB-in elmi təşkilatlarında fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul məsələlərinə də baxılıb.