AMEA Naxçıvan Bölməsinin hesabatı dinlənilib
[ 04 Mart 2015 16:52 ]
Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında Naxçıvan Bölməsinin 2014-cü ildəki elmi təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.
APA-nın xəbərinə görə, hesabatı təqdim edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ötən il ərzində 6 elmi istiqamət üzrə 32 elmi tədqiqat işi yerinə yetirilib və 10 mühüm nəticə əldə edilib. Onun sözlərinə görə, hazırda Naxçıvan Elmi bölməsində 6 elmi tədqiqat institutunda 83 elmi işçi fəaliyyət göstərir. Ötən il Naxçıvanın tarixinin tədqiqi istiqamətində də mühüm elmi işlərin aparıldığını deyən bölmənin sədri qeyd edib ki, Eneolit dövrünə aid 20-yə yaxın tarixi abidə aşkarlanıb. O əlavə edib ki, hazırda Naxçıvanın Əlyazmalar Fondunda 450-yə yaxın qədim və tarixi kitab saxlanılır.
İ.Hacıyev Naxçıvan Elmi bölməsində kadr probleminə də toxunub.
Bölmə sədri bildirib ki, Naxçıvanda elmi sahə üzrə peşəkar kadr tapmaq çətin məsələdir: “Hazırda Naxçıvan elmi bölməsinin institutlarının 36 şöbə və laboratoriyasından yalnız 28-i fəaliyyət göstərir. Digər şöbələri isə hələ də kadrla təmin edə bilməmişik. Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələrində magistr pilləsi üzrə oğlan tələbələri təhsil almır. Bu səbəbdən də elmi sahəyə daha çox qızlar cəlb olunur. Onların da müəyyən zamandan sonra ailə qurduqlarına görə problemləri yaranır. Digər problem isə Bakıya gedən işçilərin geri qayıtmaması ilə bağlıdır. Buna görə də hətta təcrübə almaq üçün belə paytaxta işçi göndərmirik. Onlar Naxçıvanda 150 və nisbətən daha artıq maaşla işləmək əvəzinə, Bakıya gələrək yüksək maaşla işləməyə üstünlük verirlər”.