Allahşükür Paşazadə: "Ermənilərin "soyqırım"ı hiyləsi ifşa olunmalıdır"
"Bu gün münaqişələr bütün dünyanı, əsasən islam aləmini bürüyüb. Artıq islami məhəbbəti ortaya qoymaq zamanıdır".
Trend
xəbər verir ki, bunu Bakıda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri
Allahşükür Paşazadəilə görüşən Türkiyə baş nazirinin baş müşaviri hacı
Bekir Karlığa deyib.
Hacı Bekir Karlığa bildirib ki, Azərbaycanın dərdi Türkiyənin, Türkiyənin dərdi Azərbaycanındır.
QMİ sədri Allahşükür Paşazadə isə bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığına heç kim xələl gətirə bilməz: "Türkiyə ən ağır anlarda, müstəqiliyin əldə edilməsində, o cümlədən Qarabağ məsələsində Azərbaycanın yanında olub. Biz bir millət, iki dövlət kimi bundan sonra da əməkdaşlığımızı sıx şəkildə davam etdirəcəyik".
Bütün Qafqazın şeyxi ermənilərin saxta "soyqırım" məsələsinə də toxunub: "Ermənilərin "soyqırıma" məruz qalmalarını elan etməsi hiylədir. Bu hiylənin üstü açılmalı və ifşa edilməlidir".
B.Karlığa qeyd edib ki, islam dini mədəniyyət, ağıl, həyat, gözəlliklər dinidir. Bəzi ölkələrdə ortaya çıxan vəhşiliklərin islamla heç bir əlaqəsi yoxdur: "Belə şeylərin ortaya çıxması bizim hamımızı narahat edir. Bu sahədə ortaq səylərin göstərilməsi vacibdir".
Onun sözlərinə görə, gələn il Bakıda Türkiyə və İspaniyanın birgə təşəbbüsü ilə yaradılmış Mədəniyyətlərarası Alyansın toplantısı olacaq. Toplantıda 127 ölkənin, eləcə də 20 beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcəklər.
Milli.Az