Ali Rada Donbasın xüsusi statusu barədə qanun layihəsini ictimaiyyətə təqdim edib
Bakı, 16 mart,
AZƏRTACUkrayna Ali Radası Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarında xüsusi yerli özünüidarə qaydaları haqqında qanun layihəsinin məzmununu açıqlayıb.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, qanun layihəsinə əsasən Donbasın bəzi rayonlarında xüsusi qaydalar yerli özünüidarə orqanlarına növbədənkənar seçkilərdən sonra tətbiq olunmalıdır. Sənəddə seçkilərin “bütün qanunsuz silahlı birləşmələrin” ölkə ərazisindən çıxarılmasından sonra Ukrayna qanunlarına uyğun olaraq keçirilməli olduğu vurğulanır. Bununla yanaşı, seçkilərə ATƏT və digər beynəlxalq təşkilatların, həmçinin xarici dövlətlərin nümayəndələrinin nəzarət edəcəyi ayrıca qeyd olunur.
Qondarma Donetsk və Luqansk respublikalarının nümayəndələri isə öz növbəsində sənədin tezliklə qəbul edilməsinə ümid bəslədiklərini, lakin bundan əvvəl rəsmi Kiyevin qanun layihəsini “xalq respublikaları”nın təmsilçiləri ilə razılaşdırmalı olduğunu bildiriblər.
Qeyd edək ki, Donbasın xüsusi statusu barədə qanun layihəsi Ukrayna parlamentində baxılması üçün prezident Petr Poroşenko tərəfindən irəli sürülüb. Layihə ilə bağlı səsvermənin martın 17-də, yaxud 18-də keçirilməsi gözlənilir.