Ölkə

Akademik Zərifə Əliyeva adına liseydə şagirdlərin mütaliə vərdişləri möhkəmləndirilir

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

Martın 12-də akademik Zərifə Əliyeva adına liseydə şagirdlərin mütaliə vərdişlərini möhkəmləndirmək məqsədilə müxtəlif fənlər üzrə debat dərslər keçirilib.


Təhsil Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, debat dərslərdən öncə qonaqlar tədris ocağının foyesində təşkil edilən sərgi ilə tanış olub və şagirdlərin oxuduqları bədii əsərlər əsasında hazırladıqları səhnəciklərə tamaşa ediblər.


Şagirdlər “Ən yaxşı oxucu mənəm” və “Gənc yazarlar” nominasiyaları üzrə müsabiqədə də fəal iştirak ediblər. Müsabiqənin nəticələrinə görə məktəbin şagirdləri Nicat İsmayılov, Orxan Əhmədov, Ayşən Əliyeva “Ən yaxşı oxucu mənəm” və “Gənc yazarlar” nominasiyaları üzrə birinci yerə layiq görülüblər.


Liseyin şagirdləri “Yalnız mütaliə etmirəm, həm də mütaliəyə cəlb edirəm” adlı layihəni də uğurla davam etdirirlər. Belə ki, şagirdlər uşaq evlərinə gedərək, mütaliəyə olan marağı daha da artırmağa və məktəblilərdən ibarət oxucu auditoriyasını genişləndirməyə çalışırlar.


Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun “Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə uyğun olaraq, liseydə “Şəxsiyyət tərbiyəsində, insanın kamilləşməsində, dünyagörüşünün formalaşmasında mütaliənin rolu” mövzusunda hazırlanmış silsilə tədbirlər keçirilir.