Ağsunun Gəgəli kəndində I Beynəlxalq tərəkəmə çərşənbəsi folklor festivalı başa çatıb
Ağsu, 20 mart,
AZƏRTAC.
Ağsu rayonunun Gəgəli kəndində martın 16-dan öz işinə başlayan I Beynəlxalq tərəkəmə çərşənbəsi folklor festivalı başa çatıb.
AZƏRTAC
xəbər verir ki, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın Folklor İnstitutunun və Ağsu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və Misirdən olan 150 nəfərə yaxın adam iştirak edib. Festivalın proqramına müxtəlif folklor qruplarının çıxışı, sərgi-yarmarka, oturma gecəsi və axır çərşənbə tonqalları, eləcə də Orta əsr Ağsu şəhəri turu daxil idi.
Festivalda Aşıq Rza Mamedov (saz), Abgül Adgözəlov (qoşanağara), Şöhrət Əliyev (nağara), Mirzə Mirzəyev və İdris Tağıyevdən (zurna) ibarət Şamaxı folklor qrupu yaddaqalan proqramla çıxış edib. Daha sonra Pərviz Osmanovun rəhbərlik etdiyi Ağsu musiqi qrupu, Gəgəli kəndindən olan gənc müğənni Ağadadaş Talışov və Bico kəndini təmsil edən Aşıq Amilin ifa etdikləri musiqi parçaları maraqla qarşılanıb.
Türkiyədən festivala qoşulan şair Muharrem Yenigün ölkəsinin şərq bölgələrindəki, xüsusilə Qars və İğdır tərəflərdə Novruz adətlərindən, yeddi ləvindən bəhs edib. Novruz ənənələrinə həsr etdiyi yeni şeirlərini səsləndirib. Misirli musiqişünas Mona Zedan isə ərəb xalq musiqisi parçalarından ibarət geniş repertuarla çıxış edib.
Bədii hissə Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbin şagirdlərinin ifasında məzhəkəli tamaşa ilə davam edib. Tamaşanın ssenarisini məktəbin direktoru Sabit Abdullayev, quruluşunu Uşaq birliyi təşkilatının rəhbəri Nərgiz Quliyeva hazırlayıb.
“MİRAS” musiqi qrupunun üzvləri tarzən Mehman Mikayılov, kamança ifaçısı Cahandar Mikayılov və Elnur İbrahimov, xanəndələr Ruslan Adgözəlov, Nurlan Namazov və Tahir Şəfiyev xüsusi proqramla çıxış ediblər.
Festivala tanınmış fotoqraflar - Məmməd Rəhimov, Mirnaib Həsənoğlu və Rauf Umudov (Azərbaycan), Ahmet İnamçer və Ahmet Serdar (Türkiyə), Kakha Pkakhadze və Nino Mghebrişvili (Gürcüstan) qatılıblar. Onlar festivalı izləyərək maraqlı fotolar çəkiblər. Gələcəkdə bu fotoları sərgiləmək və kataloqunu nəşr etmək nəzərdə tutulur.
Festival zamanı “yumurta döyüşdürmə” müsabiqəsi də keçirilib. Bütün yumurta döyüşdürənlərə qalib gələn Gəgəli kənd sakini Davud İslamov birinci yeri tutub. Xonça müsabiqəsində isə “MİRAS” üzvü Tofiqə Cəfərli qalib gəlib.
Sərgi-yarmarkada “AzGranata” Şirə və Şərab Emalı Müəssisəsinin məhsulları, Bico və Qəşəd kəndlərində toxunan xalçalar, Gəgəli kəndində toxunan palazlar, müxtəlif kəndlərdən sərgiyə gətirilmiş etnoqrafik əşyalar, Bakıda və Ağsuda yaşayan rəssamların əsərləri, heykəltəraş Vüqar Quliyevin daş və dəmir oksidindən hazırladığı miniatür heykəllər, Zaqatalanın Mamrux kəndində və Ağsuda hazırlanan tikmələr, əl işləri, kənd təsərrüfatı məhsulları, eləcə də Orta əsr Ağsu şəhəri və Mehrəvan qalasından aşkar olunmuş arxeoloji materiallar nümayiş etdirilib.
Festivalın son günü fəal iştirak edən nümayəndələrə sertifikatlar təqdim edilib.